Tarı dünyaya sevdirən Ramiz Quliyevin DOĞUM GÜNÜDÜR: “Onu xatırladıqca kədər notu olacaq, amma...”
“Bu tarix bizim üçün həm də işıqlı bir gündür. Onun doğulduğu gün ən vacib tarixlərdən biridir. Bu gün saysız-hesabsız mesajlar alıram, barəsində yazılar oxuyuram – bunlar hamısı ona olan böyük hörmətin və ehtiramın təzahürüdür”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, dünyaşöhrətli ustad tarzən Ramiz Quliyevin doğum günü ilə bağlı xatirələrini bölüşərkən oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev deyib.
Dünyaşöhrətli dirijor atasının işıqlı xatirəsinin daim ürəklərdə yaşayacağını bildirib:
“Həqiqətən, bizim üçün ‘ilk dəfədir ki, böyük sənətkarımız Ramiz Quliyevin doğum gününü onun iştirakı olmadan qeyd edirik’ demək çox ağırdır. Bu gün sanki həm də onun xatirə günüdür. Amma eyni zamanda, onun doğumu Azərbaycan musiqi mədəniyyəti, incəsənəti və xalqımız üçün çox dəyərli, əlamətdar bir tarixdir. Çünki o, hər zaman vətəninə, xalqına və dövlətinə qəlbən bağlı bir insan olub.
Onu xatırladıqca, əlbəttə ki, qəlbimizdə bir kədər notu hiss olunacaq. Lakin biz bu günü hər zaman tarixi və işıqlı bir gün kimi qeyd etmişik, bundan sonra da belə olacaq. Nə qədər ki Azərbaycan xalqı var, Ramiz Quliyevin adı yaşayacaq. Çünki onu həmişə seviblər və sevəcəklər. Buna görə mən xalqımıza minnətdaram”.
Əyyub Quliyev atasının Azərbaycan musiqi mədəniyyətində yeni bir məktəb yaratdığını vurğulayıb:
“Ramiz Quliyev tar ifaçılığında öz məktəbini yaratmış yenilikçi sənətkar idi. Onun saysız-hesabsız tələbələri var. 1964-cü ildən ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Yetişdirdiyi kadrlar indi dünyanın bir çox ölkələrində həm Azərbaycanı, həm də ustadlarının adını qürurla təmsil edirlər. Onun müəllifi olduğu kitablar, dərs vəsaitləri, lent yazıları, albomları və bütövlükdə vətəndaşlıq missiyası Azərbaycan mədəniyyətinin qürur mənbəyidir”.
Cəvahir













