“Gələn il üçün nəzərdə tutulan xərclərin müəyyən hissəsi peşə təhsilinə yönəldilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 2021-ci ildə ölkə təhsili üçün dövlət büdcəsindən 3 milyard 197 milyon manat vəsait ayrılmasının nəzərdə tutulmasına münasibət bildirən ekspert Adil Vəliyev deyib.
Adil Vəliyev qeyd edib ki, bu vəsait təhsilin ümumi və bır sıra konkret istiqamətlərinin inkişafı üçün nəzərdə tutulub:
“Əsas məqsəd təhsil almaq imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, peşə təhsili proqramı üzrə təhsil alanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması, həmçinin digər mühüm hədəflərə nail olmaqdır.
Hazırda bu vəsaitin böyük bir qismi təhsilin üç sahəsinə yönləndirilməlidir. Birincisi, təhsil sahəsində həyata keçiriləcək layihələr dəstəklənməlidir. Həmin layihələrin çoxunda innovativ düşüncə və yeni texnologiyalardan istifadə öz əksini tapmalıdır.
İkincisi, xərclərin müəyyən məbləği peşə təhsilinə ayrılmalıdır. Çünki bu sahədə kifayət qədər boşluqlar olduğu göz qabağındadır. Xüsusən də peşə təhsili verən müəssisələrdə laboratoriyaların inkişafına, maddi-texniki bazanın gücləndirilməsinə diqqət artırılmalıdır.
Üçüncüsü isə distant tədrisin inkişafına xüsusi diqqət ayrılmalıdır. Təəssüf ki, 2019-2020-ci tədris ilində bu sahədə çətinliklər oldu. Bu çətinlikləri aradan qaldırmaq və distant təhsili inkişaf etdirmək üçün mövcud imkandan yararlanmaq lazımdır”.
Gülşən Şərif
www.yenicag.az