!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı: "Neftçala seçiciləri hər görüşdə mənə qürur yaşadırlar" - MÜSAHİBƏ

!Reklam – Yazi

Tənzilə Rüstəmxanlı: “Mənim millətimin övladı ən çətin anında belə “Öncə vətəndir” düşüncəsinə hakim olub. Neftçala seçiciləri də hər görüşdə mənə bu qüruru yaşadır”

“Mən cəmiyyətdə daha çox Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri kimi tanınsam da, ölkənin siyasi sistemində xüsusi bir mövqeyi olan VHP-nin qurucularından biri və partiya sədrinin müşaviriyəm”

Oxu.Az xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tərəfindən 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə müsahibəsi zamanı deyib.

– Tənzilə xanım, hazırkı seçki mühitini necə qiymətləndirərdiniz?

– İlk olaraq onu diqqətə alaq ki, bu, Azərbaycan tarixində xüsusi yeri olan bir parlament seçkisidir. Çünki müstəqillik dövründə ilk dəfə olaraq Xankəndidən, Şuşadan, Ağdamdan, Kəlbəcərdən seçiləcək millət vəkilinə bu torpaqların özündə səs verəcəklər. Bu baxımdan, Bütöv Azərbaycan ərazisində keçiriləcək seçki əsasında formalaşacaq parlamentin üzərinə böyük məsuliyyət düşəcək. Bəlkə də, elə bu səbəbdəndir ki, ölkədə ciddi seçki aktivliyi müşahidə olunur. Parlament seçkiləri həmişə müstəsnalığı ilə seçilib. Ona görə ki bütün ölkə əhalisi iştirak edir, bəzən hər bir kəndin və qəsəbənin dəstəklədiyi bir namizəd olur. Milli Məclisə 125 nəfər seçilsə də, mindən çox şəxs namizəd kimi qeydiyyatdan keçib. Onların da ətrafında olan minlərlə insan aktivlik nümayiş etdirir. Bu baxımdan, aktivlik var, həm partiyalar, həm də ayrı-ayrı şəxslər fərdi şəkildə fəaliyyət göstərir və bu, günü-gündən daha da artacaq. Önəmli olan seçkidə xalq iradəsinin ifadə olunması, Zəfər savaşı ilə yüksələn ölkəyə layiq parlamentin formalaşmasıdır.

– Sizin 70 saylı Neftçala seçki dairəsindən namizədliyinizi irəli sürməniz də birmənalı qarşılanmadı. Niyə məhz Neftçala? Həyat yoldaşınız Sabir Rüstəmxanlının ötən seçkidə deputat seçildiyi dairədə bu dəfə sizin seçkiyə qatılmağınız təsadüfdürmü?

– Əvvəla, onu bildirim ki, mənim namizədliyim Vətəndaş Həmrəyliyi Partiyasından irəli sürülüb. Mən cəmiyyətdə daha çox Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri kimi tanınsam da, ölkənin siyasi sistemində xüsusi bir mövqeyi olan VHP-nin qurucularından biri və partiya sədrinin müşaviriyəm. Partiya parlament seçkilərində namizədləri irəli sürərkən dairələri araşdırır, bu dairələr üzrə gücünü, imkanlarını götür-qoy edir. Ötən seçkilərdə 60, indi isə 70 saylı dairədə-Neftçala rayonunda partiyanın təşkilatı güclüdür. Sizin də qeyd etdiyiniz kimi, 2020-ci ildə bu dairədə partiya sədri seçkinin qalibi olmuşdu. Əlbəttə, bu qələbədə Sabir bəy şəxsiyyətinin gücünün rolu bir başqadır. Siyasi Şurada aparılan müzakirələrdə Sabir bəy bu seçkiyə qatılmayacağını hələ ötən seçkidən bəyan etdiyini və bu fikrində qaldığını bildirdi. Bu halda Siyasi Şura həmin dairədən mənim namizədliyimi irəli sürdü. Yəni bu, partiyanın qərarıdır.

– Bəs Neftçalada təşviqat kampaniyası necə gedir? Bizim türk dünyası, Qarabağ dərdləri, Qərbi Azərbaycan harayından danışan, dünyada bu milli davanın öncülərindən biri kimi tanıdığımız Tənzilə xanım üçün bir rayonun sosial, iqtisadi problemlərini araşdırmaq asan olmaz…

– Əvvəla, onu deyim ki, bu bölgə elə siz qeyd etdiyiniz ideoloji müstəvi baxımdan mənə doğmadır. Türk dünyasının böyük fikir adamı Əli bəy Hüseynzadə, böyük inqilabçı-türkçü şairimiz Xəlil Rza Ulutürk bu bölgədəndir. Neftçala milli-azadlıq hərəkatında da öndə gedən bölgəmiz olub. 20 yanvarda işğalçı sovet ordusunun Bakı ilə yanaşı, bu rayona da qoşun yeridərək qan tökməsi təsadüfi deyildi. Həmçinin həm Birinci, həm İkinci Qarabağ savaşında Neftçala ən çox şəhid verən rayonlardan biridir. Tək bir faktı deyim ki, Neftçalanın bir qəsəbəsində – Həsənabadda üç Milli Qəhrəman var. Sizə bir faktı da deyim ki, bütün görüşlərdə seçicilər hansı sosial problemlərdən danışsalar da, ilk sözləri Zəfər savaşımız, qələbə, Qarabağa qayıdışla bağlı olur. Burada keçirdiyimiz görüşlərdə seçicilər yol problemini qaldırdılar. Amma bunu deyərkən də bu gün işğaldan azad olunan bölgələrə çəkilən yolları qürur və sevinclə dilə gətirirlər. Azərbaycan insanı budur. Mənim millətimin övladı ən çətin anında belə “Öncə vətəndir” düşüncəsinə hakim olub. Neftçala seçiciləri də hər görüşdə mənə bu qüruru yaşadırlar. Bu baxımdan, mənim üçün Neftçala seçicisinin yanında olmaq elə türklük, Azərbaycançılıq davasının bir hissəsidir.

– Maraqlıdır, Azərbaycan seçicisi öz deputatından, deputat görmək istədiyi şəxsdən nə istəyir?

– Bütün deputatlar öz vəzifələrini yerinə yetirməyə çalışır. Amma ayrı-ayrı məsələlərlə bağlı deputatlar tənqid olunur. Hesab edirəm ki, tənqidlərin çoxu hansısa yerlərdən qaynaqlanır. Bir sözlə, hazırkı Milli Məclis üzərinə düşəni edir. Təbii ki, yeni deputatlar seçiləcək, yeni nəfəs gələcək və sair. Sonrakı dövrdə nələrsə dəyişəcək, yaxud nələrsə daha yaxşı olacaq, bu barədə nəsə demək hələ tezdir. Qanunlar Milli Məclisə daxil olur, müzakirələr aparılır və sonda səsverməyə çıxarılır. Parlament dəyişən mexanizm deyil, əksinə, qanunları müzakirə edir və dəyişir. Amma vətəndaşların deputatlardan gözləntiləri çoxdur. Onlar bilmək istəyirlər ki, görəsən, deputatlar hansı problemləri həll edə bilər. Açığını deyim ki, görüşlərdə çox az sayda deputat səlahiyyətlərinə uyğun müraciət daxil olur. Müraciətlərin əksəriyyəti isə deputatın səlahiyyətləri ilə bağlı olmayan məsələləri əks etdirir. Deputat qanunvericiliklə məşğul olmalıdır, amma onlara əvvəldən başqa cür yanaşıblar. Yəni “o bizə kömək edə, sosial yardım verə, işə düzəldə, yol çəkdirə, su gətizdirə bilər” və sair kimi. Hamının gözündə hər bir deputat ayrı-ayrılıqda əmək və əhalinin sosial müdafiəsi naziridir, məhkəmədir, hüquq-mühafizə orqanlarıdır, yaxud icra hakimiyyəti başçısıdır. Əslində, belə deyil. Deputat şikayətləri qəbul edir, aidiyyəti üzrə yönləndirir. Bu baxımdan, onlardan gözləntilərlə onların həll edəcəyi məsələlər arasında ciddi uçurum var. Bu səbəbdən çox halda insanlar deputatlardan narazı qalır. Yuxarıda qeyd etdiyim kimi, parlaçemtə seçiləm yeni üzvlər üzərinə düşən tarixi missiyanı dərk etməli, Azərbaycan insanının dövlət və vətən sevgisini millət olaraq yüksəlişə yönəltməlidir.

COP29

www.yenicag.az

2817
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv