“The New York Times”da Qarabağ mübahisəsi
İsrailin Hayfa Universitetinin professoru, ABŞ-ın Corctaun Universtetinin araşdırmaçısı Brenda Şafferin Qarabağ münaqişəsinə dair bu günlərdə “The New York Times” qəzetində dərc edilən və geniş rezonansa səbəb olan məqaləsinə münaqişə tərəflərinin Vaşinqtondakı səfirlikləri reaksiya verib.
Bu gün qəzet Ermənistanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Anna Nağdalyanın və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun məqalə ilə bağlı redaksiyaya göndərdikləri məktubları dərc edib.
Bu reaksiyalardan məlum olur ki, Ermənistan səfirliyi Brenda Şafferin Qarabağda avqustun əvvəllərində baş vermiş şiddətli atışmaların və erməni qüvvələrinin qəfil diversiya hücumlarının arxasında Rusiyanın dayana biləcəyinə dair fikirlərinə etiraz edir.
Brenda Şaffer yazmışdı ki, avqustun əvvəllərində prezident İlham Əliyevin və müdafiə naziri Zakir Həsənovun ölkədə olmadığı bir vaxtda Ermənistan ordusu üç istiqamətdən Azərbaycan ordusunun mövqelərinə hücum edib. Müəllifin qənaətinə görə, bu hücum Rusiya ilə razılaşdırılmadan baş tuta bilməzdi.
Brenda Şafferin fikrincə, Rusiyanın məqsədi Qarabağ münaqişəsi ətrafında gərginliyi artırmaq və rus qoşunlarının sülhməramlılar adı altında bölgədə yerləşdirilməsinə nail olmaqdır. O, prezident Vladimir Putinin avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə rus qoşunlarının Qarabağa yerləşdirilməsinə razılıq verilməsi məsələsini müzakirə etdiyini də vurğulamışdı.
Ermənistan səfirliyinin mətbuat katibi isə Brenda Şafferin “Rusiyanın ələ keçirəcəyi növbəti ərazi” adlı məqaləsində yer alan “bəzi məqamlara” aydınlıq gətirmək istədiyini bildirərək yazır ki, Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini bir-biri ilə əlaqələndirirlər. Prezidentlər indiyədək bu məsələ ilə bağlı konsolidasiyalı mövqe nümayiş etdiriblər.
“Sülhməramlı əməliyyatlar danışıqlar paketinin ayrılmaz hissəsi olub və heç vaxt ayrıca müzakirə edilməyib” – deyə Nağdalyan bildirir.
Ermənistan səfirliyinin mətbuat katibi təmas xəttində baş vermiş son toqquşmalara görə Azərbaycanı günahlandırır.
Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovun məktubunda isə deyilir ki, Brenda Şaffer Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında daha fəal iştirakına çağırmaqda haqlıdır.
Elin Süleymanov
“Bununla belə o, bu situasiyada real təcavüzkarı, yəni Ermənistanı dəqiq göstərmir” – deyə səfir yazır.
E.Süleymanovun fikrincə, xanım Şaffer həmçinin Ermənistanla Azərbaycan, yəni müvafiq olaraq təcavüzkar və qurban arasında uğursuz paralellər aparmağa çalışır.
“Bunun əvəzində region üzrə ekspert olaraq o bilməlidir ki, sülh prosesini irəli aparmaq üçün erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi prosesi başlamalıdır” – deyə səfir yazır.