!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə Seyran Səxavətin yaradıcılığı ilə bağlı dissertasiya müdafiə edildi

!Reklam – Yazi

Türkiyədə yazıçı, şair və publisist Seyran Səxavətin romanları ilə bağlı dissertasiya müdafiə edilib.

Yenicag.az xəbər verir ki,  Türkiyənin Egey Universitetinin Sosial Elmlər İnstitunun Türk dünyası ədəbiyyatları kaderasının magistr tələbəsi olmuş Sayad Həsənli tərəfindən hazırlanmış dissertasiya Seyran Səxavətin sosial-psixoloji romanlarına həsr olunub.

“Seyran Səxavətin həyatı, yaradıcılığı və sosial-psixoloji romanları” (“Seyran Sahavet’in Hayatı, Sanatı ve Sosyo-Psikolojik Romanları”) başlıqlı elmi iş “Ön söz”, “Xülasə”, “Giriş”, üç fəsil, “Nəticə” və tövsiyələrdən ibarət olub.

Tədqiqatın “Giriş” hissəsində Seyran Səxavətin həyatı və ədəbi fəaliyyəti ümumi şəkildə nəzərdən keçirilib. “Seyran Səxavətin həyatı, ədəbi şəxsiyyəti və əsərləri” adlı birinci fəsildə müəllifin həyatı, ədəbi kimliyi və fəaliyyəti həm onun xatirələrinə, həm də Azərbaycanın digər görkəmli ədəbi şəxsiyyətlərinin fikirlərinə və biblioqrafik mənbələrə əsaslanaraq analiz edilib.

“Seyran Səxavətin romanları” adlı ikinci fəsildə isə yazıçının sosial-psixoloji romanları — “Daş Evlər”, “Nekroloq” və “Yəhudi Əlifbası” romanlarının hər biri beynəlxalq roman analizi texnikası əsas götürülərək ad-məzmun, sujet xətti, obrazlar aləmi, tema, zaman-məkan, dil və üslub, baxış bucağı və təhkiyəçi nöqteyi-nəzərindən təhlil edilib. Bundan əlavə, romanların müqayisəli təhlilinə yer verilib.

“Sosial-Psixoloji romanlarında cəmiyyət və fərd problemi” başlıqlı üçüncü fəsildə isə ədəbiyyat, cəmiyyət və fərd anlayışlarının elmi ədəbiyyatda necə işlənildiyi araşdırılıb və mövzunun əhəmiyyəti vurğulanıb. Bu fəsildə yazıçının romanlarında fərd və kollektiv, özgələşmə anlayışları sosial-psixoloji çərçivədə, obrazlar və yazıçı-təhkiyəçi-tarix əsasında araşdırılıb.

“Nəticə” hissəsində tədqiq edilən əsərlərin analizi zamanı əldə edilən əsas məqamlar təqdim edilib, həmçinin gələcəkdə bu istiqamətdə elmi araşdırmalar aparmaq niyyətində olan tədqiqatçılara tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının önəmli imzalarından olan və özünəməxsus üslubu ilə seçilən Seyran Səxavətin “Daş Evlər”, “Nekroloq” və “Yəhudi Əlifbası” romanlarının tədqiq edildiyi bu dissertasiya Seyran Səxavətin əsərləri ilə bağlı ən geniş və hərtərəfli araşdırmalardan biri olmaqla yanaşı, onun romanlarının sosial-psixoloji aspektdən incələndiyi ilk tədqiqatdır.

Dissertasiya Türkiyənin Milli Dissertasiya Mərkəzində (“Ulusal Tez Merkezi”) yayımlanıb.

www.yenicag.az

173
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv