!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətən, Bayraq, Millət” kitabının və videoçarxının təqdimatı keçirildi - FOTOLAR

!Reklam – Yazi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə fiziki imkanları məhdud istedadlı insanlar üçün bayram tədbiri təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirin əvvəlində “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində ziyalılar, o cümlədən, bir sıra tanınmış fiziki imkanları məhdud insanlar tərəfindən Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinin səsləndirildiyi videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında bildirib ki, fiziki imkanları məhdud insanlar müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi uğurla təmsil edərək, üçrəngli bayrağımızı yüksəklərə qaldırıblar. Vətənimiz naminə göstərdikləri fəaliyyətdə fiziki məhdudiyyətləri onlara mane olmayıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması tarixindən danışan millət vəkili həmin bayramın 50 milyondan çox azərbaycanlını birləşdirdiyini qeyd edib:

“Bu bayram ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, bu bayram bizi birləşdirir və vətənimiz Azərbaycanın ətrafında həmrəy olmağa səsləyir”.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova isə öz çıxışında həssas qruplara göstərilən diqqətdən, fiziki imkanları məhdud insanların potensialının üzə çıxarılmasına yönələn tədbirlərin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının mühüm yer tutduğunu vurğulayıb.

Nazir həmin kateqoriyadan olan şəxslərin qayğı ilə əhatə olunmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüslərinin xüsusi əhəmiyyətini diqqətə çatdırıb. O, eyni zamanda, Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplardan olan vətəndaşlara, sosial müəssisələrin sakinlərinə diqqət və qayğısından, eləcə də həmin insanların yaradıcılıq potensialının ictimaiyyətə tanıdılması tədbirlərinə daim dəstək olmasından danışıb.

O, əlilliyin qüsur olmadığını qeyd edib və fiziki imkanları məhdud insanların öz bacarıq, qabiliyyət və istedadlarına görə hər zaman seçildiklərini vurğulayıb. Əlilliyi olan insanların istedad və qabiliyyətlərinin dəstəklənməsi və cəmiyyətə təqdim edilməsi istiqamətində Nazirliyin müxtəlif layihələr həyata keçirdiyini bildirən Sahil Babayev bu sahədə işlərin ardıcıl aparıldığını və geniş vüsət aldığını deyib.

Bu layihələr sırasında nazirliyin ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyət tərəfindən bir sıra tamaşaların hazırlandığını, sosial müəssisələrin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə ilk nəşr kimi Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomunun, görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabının nəşr edildiyini diqqətə çatdırıb. Nazir bu sahədə işlər davam etdiriləcəyini bildirib.

Daha sonra çıxış edənlər – Paralimpiya çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev, BOCCİA Milli komandasının rəhbəri İlham Məhərrəmov, fiziki imkanları məhdud idmançı, çempion Aynur Məmmədova həssas qruplara göstərilən diqqətdən məmnunluqlarını ifadə ediblər.

Bundan başqa, bayram tədbirində “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı olub. Kitabda qeyd edilən mövzularda ilk dəfə ən gözəl 100 şeir antologiya şəklində toplanıb. Kitab diaspor təşkilatlarımıza, universitetlərə, kitabxanalara və gənclər mərkəzlərinə hədiyyə ediləcək.

Tədbirdə 80-dən çox fiziki imkanları məhdud istedadlı şəxs iştirak edib. Bədii hissə ilə davam edən tədbirdə incəsənət nümayəndələrinin və fiziki imkanları məhdud şəxslərin ifasında mahnı və şeirlər səsləndirilib. Tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəssisələrinin sakinlərinin əl işləri nümayiş etdirilib.

Gülşən Şərif

COP29

www.yenicag.az

1060
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv