Xalq artisti: “İndiki gənclik “pul əl çirkidir” məsəlini...”
“İndiki gənclik “pul əl çirkidir” məsəlini “pulun açmadığı qapı yoxdur” kimi ifadə edirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.
Aktyor bugünkü gəncliyin sənətə və həyata baxışında pula böyük önəm verdiklərini bildirib:
“Əvvəla deyim ki, bizim dövrün sənət adalarının əksəriyyəti kasıb təbəqədən olan insanlar idi. Ümumiyyətlə, mənim tanıdığım sənət adamlarının heç biri nə nazir, nə prokuror, nə məhkəmə, nə də ki, dövlətli bir məmurun övladları olmayıblar. Bir növ biz kasıblıq ilə barışmış insanlar olmuşuq. Yaxından tanıdığım, şöhrətin zirvəsində olan Yusif Vəliyev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Hüseynağa Sadıqov və digər sənətkarlar bir dəfə də olsun maddi çətinlikdən söz salmırdılar. Bizə də tövsiyələri olurdu ki, bu sənətdə pul yoxdur. Yəni, necə deyərlər, “xoşun gəlir giriş, xoşun gəlmir, sürüş”. Təbii ki, bugünkü gənclərin düşüncəsi tam başqadır. Çünki onlar tam başqa bir zəmanədə yaşayırlar. Məsəl var deyərlər ki, “ayağını yorğanına görə uzat”. Bu gün gənclərimiz “ayaqlar”ını da, “yorğanları”nı da uzatmaq istəyirlər”.
Xalq artisti onları qınamadıqlarını da deyib:
“Pul əl çirkidir” məsəlini “pulun açmadığı qapı yoxdur” kimi ifadə edirlər. Mən onları qəti qınamıram. Çünki bugünkü zəmanə bunu tələb edir. Bircə, onu bilirəm ki, sənətkar pul haqqında düşündüyü andan gözəllik hissini itirməyə başlayır”.
Cəvahir