Avstraliyanın Sidney şəhərində bir araya gələn Yaponiya və Avstraliyanın xarici işlər və müdafiə nazirləri Şimali Koreyanın nüvə silahlarını təkmilləşdirməsindən danışıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Kyodo” xəbər agentliyi yayıb.
Şimali Koreyanın bu il Cənubi Koreya və ABŞ ilə diplomatik danışıqlara başlamasından məmnunluq duyduqlarını dilə gətirən nazirlər digər tərəfdən, Şimali Koreyanın bir sıra nüvə və ballistik raket sınağı üzərində işləməsini də BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd hərəkət kimi qiymətləndiriblər.
Görüşün ardından mətbuat konfransında danışan Avstraliya xarici işlər naziri Maris Payne hər iki ölkənin Şimali Koreyaya qarşı təzyiqi davam etdirmək barədə ortaq fikirdə olduğunu bildirib.
Payne Koreya yarımadasının nüvə silahlarından birmənalı təmizlənməsi prosesinin tamamlanması üçün konkret bir addımın atılması lazım olduğunu vurğulayıb.
Yaponiya xarici işlər naziri Taro Kono da Avstraliyalı həmkarının fikirlərini təsdiqləyib.
Tərəflər eyni zamanda iki ölkə arasında müdafiə əlaqələrinin gücləndirilməsinin vacibliyini də diqqət mərkəzində saxladıqlarını qeyd edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası nüvə proqramı və raket sınaqları səbəbilə keçən il Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyalar haqqında qərar qəbul edib.
Ümumiyyətlə, Şimali Koreyaya nüvə proqramına görə 2006-ci ildən indiyədək müxtəlif iqtisadi və hərbi sanksiyalar tətbiq edilir.
Həşim Səhrablı
www.yenicag.az