!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yumurta mafiyası” seçki kampaniyasını öz maraqları istiqamətinə yönəldir” – VİDEO  

!Reklam – Yazi

Prezidentliyə namizədin Türkiyə şirkətinə qarşı “Müxalifəti maliyyələşdirir” iddiasına sərt reaksiya göstərildi.

Yenicag.az xəbər verir ki, “11 aprel – növbədənkənar prezident seçkiləri” çərçivəsindıə təşkil olunan teledebatda çıxış edən qeydə alınmış namizəd Hafiz Hacıyev Azərbaycan müxalifətinin radikal qanadının “maliyyə qaynağı” haqqında konkret iddia irəli sürüb.

Onun sözlərinə görə, radikal müxalifətin əsas təmsilçisi olan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Türkiyənin “Emre Piliç” quşçuluq şirkətinin Azərbaycanda apardığı şübhəli ticarət əməliyyatları zamanı tətbiq etdiyi “güzəştli qiymət” nəticəsində yaranan gəlir hesabına maliyyələşdirilir:

“Mən sizə deyim, ermənilər Kərimov Əlini necə maliyyələşdirib ortaya salıblar. İlham Əliyev cənabları dəfələrlə bildirir ki, biz Dağlıq Qarabağı Ermənistana verməyəcəyik. O saat ermənilər və onların burdakı nümayəndələri fəallaşırlar.

Deyim, Kərimov Əliyə pul ermənilər tərəfindən necə göndərilir. Hörmətli hüquq-mühafizə orqanları, açıq deyəcəm, zəhmət olmasa, özünüz nəticə çıxarın. Salyan “Qaraqaşlı-broyler” fabrikində ermənilərin sahiblik etdiyi “Emre Piliç” şirkəti var. Oranın yiyəsi Andronik və Sevandır.

Deməli, onlar başqa quşçuluq fabriklərinə göndərdikləri yumurtadan 10 faiz, yəni 10 sent aşağı qiymətlə həmin quşçuluq fabrikinə yumurta göndərirlər. Həmin 10 faizdən gələn gəliri isə deyirlər ki, Kərimov Əliyə verin.

Bunu kimin vasitəsilə verirlər? Deməli, o fabrikin direktorunun qayınatası Kərimov Əlinin təhlükəsizlik xidmətinin rəisidir, onu qoruyandır. Yəni Andronik və Sevan on minlərlə pulu hər ay Kərimov Əliyə “Emre Piliç” şirkəti vasitəsilə Azərbaycanda verir.

Görürlər ki, başqa yerlərdən ona pul vermək yolları kəsilib, bu yolla yumurtanı həmin fabrikə verib, baha satdırmaqla onu maliyyələşdirirlər. Hörmətli baş prokuror, xahiş edirəm ki, “Qaraqaşlı-broyler” fabrikini yoxlayın, görün, o biri fabriklərə verilən yumurta ilə bunun arasında nə qədər fərq var, onda biləcəksiz Kərimov Əliyə nə qədər pul keçirilib”.

Göründüyü kimi, prezidentliyə namizəd Hafiz Hacıyev Türkiyə şirkətini və onun rəhbərliyini Azərbaycanda müxalifət partiyalarından birini maliyyələşdirməkdə, dolayısı ilə daxili-siyasi proseslərə müdaxilədə suçlayır, prokurorluğu bu məsələni araşdırmağa çağırır.
Məsələnin ciddiliyini nəzərə alaraq, “Emre Piliç” şirkətinin sahibi Ömür Oralla telefon əlaqəsi yaratdıq. Ömür Oral Yenicag.az-a müsahibəsində ünvanına səsləndirilən bu ittihamları rədd edərək, Azərbaycanda dələduzluqla üzləşdiyini, buna görə ölkəmizlə ticarət əlaqələrini çoxdan kəsdiyini bildirib:

– Azərbaycanda prezidentliyə namizəd Hafiz Hacıyev yerli müxalifət liderlərindən biri olan Əli Kərimlinin Sizin şirkət tərəfindən maliyyələşdirildiyini iddia edib. Bu barədə məlumatınız var?

– Bunu iddia edən dediklərini isbatlasın, mən öz malımı-mülkümü ona bağışlayım. Ancaq isbatlaya bilməsə, o adam televiziyaya çıxaraq, özünün “yalançı”, “dələduz” və “saxtakar” olduğunu etiraf etsin. Biz “Emre Piliç” şirkəti olaraq, 2015-ci ilin iyun ayından etibarən, Azərbaycana yumurta satmırıq.

– Hacıyevin iddiasına görə, “Emre Piliç” şirkətinin sahibləri Andronik və Sevan adlı ermənilərdir…

– Bu adı daşıyan şəxslər Türkiyə Cümhuriyyətinin vətəndaşları, Türkiyə pasportu daşıyan insanlardır. Onlar Türkiyədə doğulublar və bu ölkənin vətəndaşlarıdır. Başqa sözə ehtiyac varmı? Bir daha deyirəm, “Emre Piliç” şirkəti 2015-ci ilin iyunundan bəri Azərbaycana yumurta satmır. Biz öz sahəmizdə Türkiyənin ən böyük ixracatçı şirkətiyik. Ancaq artıq Azərbaycana satış həyata keçirtmirik.

– Bu məsələdə adınızın hallandırılmasının səbəbi nə ola bilər?

– Azərbaycanda dələduzluqla üzləşdim. Mənə qarşı fırıldaqçılıq edən şəxs isə “Siyəzən-Broyler” şirkətinin sahibi Mürvət Həsənlidir. Mənə borclu olduğu pulu ödəməmək üçün hər cür yalan və böhtana əl atır. Əlimizdə sənəd-sübutlar var, ancaq Azərbaycanda məhkəmə sistemi fərqlidir. Görək necə olur… Bizim özümüzü müdafiə etmək imkanımız var. 3 ildir ki, mənə çatmalı olan pulu almaq üçün əlimdən gələn hər şeyi etdim. Şikayətimi prokurorluğa bildirdim, ancaq o adam (Mürvət Həsənlini nəzərdə tutur – red.) məni Azərbaycandan qovdurdu, canıma qəsd etdi, verdiyim şikayətlərin də nəticəsi olmadı. Artıq Azərbaycana inanmıram və buna görə də “Emre Piliç” olaraq, o bazarda fəaliyyət göstərmək istəmirəm. Mənə qarşı 1 milyon 300 min dollar məbləğində dələduzluğa yol verildi. O ölkədə mafiya var və onun da başında Mürvət Həsənli dayanır. Hətta Türkiyədə, öz ölkəmdə də məni və ailəmi təhdid edir. Ancaq Allah böyük və doğru olanın yanındadır. Bizim haqqımızda danışan Hafiz Hacıyevi isə tanımıram, onu heç görmədim, onunla hər hansı əlaqəm olmayıb. Haqqımızda dediklərini sübut etsin, malımı-mülkümü ona bağışlayım. Sübut edə bilməsə, dediyi yalan ona bəs edər.

– Sizə yonəlik bu iddia ilə bağlı məhkəməyə müraciət edəcəksiz?

– Vəkillərim lazım olan addımları atacaqlar.

– Deyəcəyiniz başqa nəsə var?

– Biz bir millət, iki dövlətik. Bir-birimizə düşmənçilik etməməliyik. Bilmirəm, nədən belə xoşagəlməz hallar yaranır. Hər xalqın içində pis adamlar olur, onları ayırd etmək lazımdır. Azərbaycan mediasında mənim haqqımda doğru olmayan çox yazılar yayımlandı. Ümid edirəm ki, sizin media orqanı doğruları yazar.

Maraqlıdır ki, tanınmış vəkil, “Emre Piliç” şirkətinin sahibi Ömür Oral ilə “Xəmsə-M” cəmiyyətinin rəhbəri Mürvət Həsənli arasındakı borc qalmaqalında birincinin hüquqlarını müdafiə edən Aslan İsmayılov Yenicag.az-a açıqlamasında bildirib ki, Hafiz Hacıyevin bu iddianı ortaya gətirməsi diqqəti yayındırmaq məqsədi daşıyır:

“Əvvəlki çıxışlarımda da demişdim ki, bu, bütün dünyada tanınan bir Türkiyə şirkətidir. Əslən şəkili olan Ömür Oral Türkiyə vətəndaşıdır. Vaxtilə səhmlərinin 15 faizi adları çəkilən Türkiyə vətəndaşları olan ermənilərə məxsus olan “Emre Biliç” şirkəti son iki ildə Azərbaycanla ticarət aparmayıb.

Söhbət nədən gedir? Hazırda Türkiyənin Prezident Administrasiyası və Nazirlər Kabineti də bu məsələ ilə məşğuldur. Mürvət Həsənli artıq həbs olunacağını bilir. Burada bir “üçbucaq” var. 1,5 milyondan artıq pulu yeyən Mürvət Həsənlidir, onu himayə edən vəzifəli şəxslərdir və Hafiz Hacıyevi o cür danışdıran da həmin məmurlardır. Yəni bu “üçlük” eyni məqsədə qulluq edir.

Əks-təqdirdə, prezident seçkiləri çərçivəsində keçirilən teledebatlarda bu söhbət ortaya atılmazdı. Hafiz Hacıyev də o söhbəti özbaşına danışmayıb. Müzakirələr zamanı məlum şəxsləri Hafiz Hacıyevə söydürən də o məmurlardır. Dediklərimə cavabdehəm.
Bu işlə əlaqədar Baş Prokurorluq Mürvət Həsənlini tutub və buraxıb. Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi onu üç gün saxlayıb. Üç gündən sonra isə bizə dəymiş ziyanın bir hissəsi olaraq, Mürvət Həsənli tərəfindən protokolla 50 min dollar ödənilib. Mürvət mənim, Ömür Oralın və müstəntiq Hacı Əfəndiyevin yanında deyib ki, “məni azad edin və günün axırına qədər daha 300 min dollar ödəyəcəm. Bir həftə ərzində isə borcu tam ödəyib bitirəcəm”.

Ordan çıxandan sonra isə deyir ki, mən həbsdə olmamışam. Ancaq bütün bunlar qeydiyyata salınan məsələlərdir. Bu günə qədər Daxili İşlər Nazirliyini və Baş Prokurorluğu bu işi qanuni şəkildə araşdırmaqdan çəkindirən məhz yuxarıda nəzərdə tutduğum yüksək vəzifəli məmurlardır. Bir nəfəri isə salıblar ortaya, o da hamını söyür.

Bizdə Mürvət Həsənlinin Ömür Orala borclu olduğunu etiraf etdiyi videomaterial var: orada borclu olduğuna dair sənədi imzalayır -“Youtube”da baxa bilərsiz. Onun məhz bu borca görə həbsdə olduğunu təsdiqləyən xeyli sənəd var. Ancaq tədbir görülmür. Belə biabırçılıq dünyanın heç yerində yoxdur. 35 il hüquq sahəsində çalışan şəxs kimi deyirəm ki, ölkədə hüquq sıfır səviyyəsindədir.

Təsəvvür edin ki, “Yumurta mafiyası” bu ölkədə seçki kampaniyasını da öz maraqları istiqamətinə yönəldir. Biabırçılıqdır, danışılası deyil…”.

A. Zeynalov

COP29

www.yenicag.az

5787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv