“Onda gərək ölkədə əhalinin əksəriyyəti həbsxanaya salınsın”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının sabiq rəhbəri Vidadı Zeynalovun həbs cəzasının 13 ildən 4 ilə endirilməsinə dair məhkəmə qərarını şərh edən millət vəkili Fazil Mustafa deyib.
Qeyd edək ki, dünən Bakı Apellyasiya Məhkəməsində “Rabitə işi” kimi tanınan proses çərçivəsində keçirilmiş iclasda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalovun və başqa məhbusların apellyasiya şikayətinə baxılıb. Yekunda Zeynalovun həbs cəzasının 13 ildən 4 ilə endirilməsi haqda qərar qəbul edilib.
Bununla belə, dövlətə 150 milyon manata qədər maddi ziyan vurduğu iddia edilən, bu səbəbdən 2015-ci ilin oktyabrında həbs olunaraq, məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən Zeynalovun cəzasının kəskin azaldılması ictimai rəydə birmənalı qarşılanmayıb. Əksəriyyət bu qərarı təəccüblə qarşılayaraq, Zeynalovun cəzasının nəyin müqabilində azaldıldığını aydınlaşdırmağa çalışır.
Mövzu ilə bağlı Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Zeynalovun cəzasının yüngülləşdirməsi ilk növbədə prezident İlham Əliyevin tapşırığı ilə davam etdirilən hüquqi islahatlar sayəsində gerçəkləşib. Deputatın sözlərinə görə, bu məsələdə Zeynalovun dövlətə vurduğu maddi ziyanı tam olmasa belə, böyük bir qismini ödəməsinin də rol oynadığını vurğulayıb:
“Bildiyiniz kimi, prezidentin göstərişi ilə hüquqi islahatlar çərçivəsində iqtisadi xarakterli cinayətlərə görə cəzaların yüngülləşdirilməsi istiqamətində addımlar atıldı.
Yəni iqtisadi cinayətlər üzündən azadlıqdan məhrum edilən şəxslər dövlətə vurduqları maddi ziyanı tam və ya qismən ödədikləri təqdirdə, onların cəzası ortadan qaldırılmalı, yaxud da azaldılmalıdır.
İndi həmin şəxslər də görünür, dövlətə vurduqları maddi ziyanı ödədikləri üçün onların barəsində belə bir qərar çıxarılıb. Burada təəccüblü heç nə yoxdur.
O adamlar vətəndaşlara ziyan vurmayıblarsa, dövlətə vurduqları ziyanı ödəyiblərsə, onları həbsxanada saxlamağa nə ehtiyac var? Çox güman ki, həmin qərar da bu məntiqlə qəbul edilib”.
Millət vəkili cəzası azaldılan Vidadi Zeynalovun dövlətə vurduğu 10 milyonlarla manat həcmində maddi zərəri necə ödədiyi barədə sualı belə cavablandırıb:
“Yəqin ki, ödəyib. Çünki onun da əmlakının satışı məsələsi var. Hər halda, maddi ziyanı ödəyib ki, həbs müddəti azaldılıb.
Başqa məqamları nəzərdə tutursuzsa, indi rüşvət və korrupsiya ilə alınmayan çox az şey var. Ona görə də məsələyə belə yanaşılsa, gərək ölkədə əhalinin əksəriyyəti həbsxanaya salınsın.
Əslində, rüşvət və korrupsiyanı yaradan səbəblərin ortadan qaldırılması haqqında düşünmək lazımdır. Onsuz da korrupsiyaya bulaşmayan adamların sayı çox deyil ki…
O baxımdan, gəlir deklorasiyası və digər məsələlər olmadığına görə korrupsiya da olacaq. Burada hansısa məmurun məsuliyyəti əlbəttə ki, böyükdür. Ancaq o insanlar bəzən hətta ümumi korrupsiya sisteminin daxilində də problemlə üzləşirlər. Bu məqamları ortadan qaldırmaq lazımdır.
Yoxsa, bu məsələləri əlaqələndirsək, görərik ki, ittiham olunan şəxslər tək deyil… Hazırda işləyən məmurların da bir çoxu korrupsiyaya bulaşmış adamlardır, ancaq onların hamısı həbs edilməyib ki…
Günahkarlar sadəcə, həbsə olunanlar deyil. Məsələn, “MTN işi”ni götürək. Orada da generalların hamısı, xüsusilə də əmr verənlərin hər biri həbs olunmadı ki…
O cümlədən, həbs olunmaq da insanların günahkar olduğunu söyləməyə əsas vermir. Çünki kimlərsə əmr veribsə, kimlərsə icraçıdırsa, bu da nəzərə alınmalıdır.
Aydındır ki, icra eləməsə, işini itirəcək. Belə məqamlar da nəzərə alınmalıdır. Heç olmasa, dövlətə vurduqları ziyanı ödəsinlər və azadlığa çıxsınlar”.
A. Zeynalov
www.yenicag.az