Sentyabrın 5-dən 21-dək aktiv meteor yağışı olacaq.
Bu barədə Yenicag.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, bu il ε-Perseid meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq.
Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Yağış saat 05:00-da – üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.
Qeyd edək ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və “düşən” ulduzlar kimi görünür.
www.yenicag.az