Azərbaycan Xalq Hərəkatında sular durulmur.
Artıq ikinci dəfədir ki hərəkatın İdarə Heyəti toplantıları ikiyə bölünərək keçirir.
Bu gün keçirilən toplantıdan sonra Tural Abbaslı Yenicag.az-a açıqlama verib.
Onun sözlərinə görə, AXH daxilində olan problemləri cəmiyyət görürdü. Amma cəmiyyətin də görmədiyi məsələlər var idi ki onun həlli lazım idi:
“Dəfələrlə bu və ya digər formada problemlərin həllinə çalışanda qaçırdılar, bu yöndə diskussiyalara girmirdilər. Dönəm sədrliyim başlayanda bu məsələləri gündəmə gətirdik, bundan sonra daxili intriqalar başladı. Sonradan bu məsələlərdə bəzilərinin qeyri-səmimiliyi, ara qarışdıranlığı imkan vermədi ki məsələlər öz həllini tapsın. İlk dəfə fövqəladə iclas çağıranda qarşı tərəf gəlmədi. Mənim çıxarılma məsələm qaldırılandan sonra növbədənkənar iclas çağırdıq. Qarşı qrup bu iclasa gəlmədi. Bizim məqsədimiz yaranmış vəziyyəti düzəltmək idi. Onların iştirak etməməyindən iki cəbhə yarandı. Ondan sonra iclaslara qatılmamağa başladılar. Biz çalışırıq ki, iclasları, problemləri əsasnamə əsasında həll edək. Onlar iclaslara gəlmədikdən sonra 4 nəfər İdarə Heyəti üzvünü əsasnaməyə uyğun olmadıqlarına görə, iki nəfəri də göstərdikləri fəaliyyətə görə AXH-dən uzaqlaşdırdıq. Yenə iclaslar çağırırıq, yenə iştirak etmirlər. 6 nəfərdən başqa İdarə Heyətinin hər bir üzvü iclasa dəvətli idi. Növbəti iclas 4-cü gün saat 15:00-a təyin olundu. Onlar yenə də iclasa dəvət olunacaqlar”.
Digər tərəfin bu gün saat 15:00-da edəcəyi iclasa gəldikdə isə Tural Abbaslı bildirib ki, onu dəvət etməyiblər:
“Əslində dönəm sədri mənəm, iclasların çağırılması dönəm sədrinin səlahiyyətindədir. Dəvət edirlər, etmirlər özləri bilərlər. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək. Qarşıdurmanın tərəfdarı deyiləm, ancaq təbii ki, xoşagəlməz hadisələrdir. İnsanların ümidləri qırılır, üzülürlər. Əgər başqa çıxış yolu yoxdursa, belə radikal addımlar atmaq da yararlı olur”.
Elşad Musayevin istefa verməsi barədə danışan AXH dönəm sədri qeyd edib ki, Elşad bəy yaranmış vəziyyəti göz önünə alaraq hərəkatdan getdi:
“Elşad Musayev bizim yanımızdan yox, AXH-dən istefa verdi. O açıq bildirdi ki, bu cür proseslərdə olmaq istəmir. Ola bilsin, başqaları da hərəkatdan istefa verə bilər, yeniləri də gələ bilər”.
Yaranmış vəziyyətin nə qədər davam edəcəyinə gəldikdə isə Tural Abbaslı bildirib ki, nə qədər şəxsi eqolar öz həllini tapmayıb, bu ikitirəlik davam edəcək.
Sonda Tural Abbaslı bildirib ki, bir müddət öncə AXH-dən istefa verməyi düşünüb, ancaq indi geri çəkilmək istəmir.
www.yenicag.az