Günel Səfərova: “Söz və mətbuat azadlığı kriteriyalarına görə Azərbaycan digər dövlətlərlə müqayisədə əsla geri qalmır”
Müstəqillik əldə etdikdən sonra ölkənin hər bir sahəsində olduğu kimi media sahəsində bir inkişaf, tərəqqi müşahidə edilməyə başladı. Düzdür, ilk illərdə mediamız arzuedilən səviyyədə inkişaf etməsə də, lakin zaman keçdikcə bu sahədə müsbət tendednsiyalar özünü göstərməyə başladı. Xüsusilə dövlətin bu sahəyə olan diqqət və qayğısı, kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi mətbuatımızın əsaslı dərəcədə inkişafına gətirib çıxardı. Bu gün öz inkişaf yolunu keçən mətbuata bütün demokratik cəmiyyətlərə olduğu kimi fikir, söz, məlumat azadlığı şəraiti də yaradılıb. Tam əminliklə deyə bilərik ki, günümüzdə Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm yüksək səviyyədə təmin olunub. Bu müsbət tendensiya hər bir ölkə vətəndaşı, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müsbət qiymətləndirilir, təqdir olunur. Elə Gənc Vətəndaş İctimai Birliyinin icraçı direktoru Günel Səfərova da bu qənaətdədir.
“OLAYLAR”-a verdiyi müsahibədə Günel Səfərova Azərbaycanda fikir, söz və məlumat azadlığının hazırkı vəziyyəti, bu məqsədlə dövlətin atdığı addımlar, mətbuata yaradılan şərait barədə danışıb.
-Günel xanım, bu gün Azərbaycan mediası, kütləvi indormasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?
-Ötən 142 illik dövr ərzində zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Mediada yeni inkişaf dövrünün təməlini Ulu öndər Heydər Əliyev qoydu. Müstəqillik qazanan respublikamızda mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirən ümummilli lider mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. 1998-ci il avqustun 6-da senzuranın ləğvi, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun qəbulu və digər qərarlar bu sahədə fundamental dəyişikliklər üçün açar sayıla bilər. Sonradan müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması şübhəsiz, azad medianı inkişaf etdirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Bundan başqa, mətbu orqanlara bir neçə dəfə birdəfəlik maddi yardımların göstərilməsi, Azərbaycan Nəşriyyatına olan borcların ləğvi, jurnalist müsabiqələrinin keçirilməsi və ən nəhayət, media təmsilçilərinə mənzillərin hədiyyə edilməsi dövlətin azad sözün ifadəçilərinə verdiyi dəyərin göstəricisidir. Mətbuat da hazırkı mürəkkəb beynəlxalq şəraitdə üzərinə düşən missiyanı yerinə yetirmək üçün qətiyyət göstərməlidir. Jurnalistlərə 255 nəfərlik mənzillərin paylanılması mərasimində çıxış edən Prezident İlham Əliyev bu gün mətbuat nümayəndələrinin maddi durumunun yaxşılaşdırılması üçün əməli tədbirlərin görüldüyünü və gələcəkdə bu istiqamətdə addımların davam etdiriləcəyini söylədi. Qalır medianın istər dövlətçilik, istərsə də peşəkarlıq baxımından üzərinə düşən öhdəliyi yerinə yetirməsi. Bir çox hallarda reklam bazarı və maliyyə arxasınca qaçan bəzi mətbu vasitələri peşə missiyasına uyğun gəlməyən fəaliyyət göstərsə də, ümumilikdə, bu gün Azərbaycan mətbuatının milli maraqlar kontekstindən fəaliyyət qurduğunu birmənalı söyləmək olar.
-Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə əməl edir?
-Sovetlər birliyinin iflasından sonra müstəqillik yoluna qədəm qoyan respublikamızda demokratik prinsiplər, söz və məlumat azadlığının bərqərar edilməsinə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə start verildi. Cəmiyyətdə gedən proseslər, aşkarlıq və plüralizm 70 il mövcud olan köhnə stereotipləri tədricən sıradan çıxarmağa başladı. Lakin yeni müstəqil ölkəmizin xarici düşmənləri bütün imkanlardan istifadə edərək cəmiyyəti parçalamağa, millətin haqq səsini batırmağa səy göstərirdi. Bu məsələdə azad sözə ciddi ehtiyac yarandı və 1993-cü ildə hakimiyyətə gələn ümummilli lider H.Əliyev fikir plüralizmi və hüquqi dövlət quruculuğu prosesi olmadan Azərbaycanda dövlətçiliyin, dayanıqlı inkişafın, sabitliyin qorunmasının mümkün olmayacağını yəqinləşdirdi. Ulu Öndərin sonrakı qərarları da məhz bu yöndə oldu. Nəticədə ölkədə siyasi, iqtisadi sabitlik təmin olundu, xarici təhlükələr aradan qaldırıldı. Milli həmrəylik yarandı. Bu uğurlar hazırda Prezident İlham Əliyev tərəfindən də inkişaf etdirilir. Təsadüfi deyil ki, bu gün cəmiyyət vahid amal ətrafında birləşib. Azərbaycanda iqtisadi inkişaf gedir, dünyada mövqelərimiz möhkəmlənir. Təsir imkanlarımız genişlənir, ölkəmizə dəyər verən dövlətlərin sayı sürətlə artır. Prezident İ.Əliyevin bəyan etdiyi kimi, Azərbaycan vətəndaşı və Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Şübhəsiz, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Dövlət başçısının jurnalistlərlə görüşdə səsləndiridiyi bir fikri təkrar xatırlatmaq istəyirəm: “Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər”. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkədə siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Bu islahatların effektivliyi isə cəmiyyətin həmin tədbirlərə münasibətindən birbaşa asılıdır. Müasir jurnalistika məhz bu prinsiplərdən çıxış edərək maarifləndirmə missiyasını üzərinə götürür və faktiki, Prezidentin dediyi kimi, “özü də bilmədən dövlət başçısının köməkçiləri”nə çevrilir.
-Ümumiyyətlə, digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakterizə edilə bilər?
-Bunu yaxın qonşu ölkələr və dünyanın aparıcı demokratik cəmiyyətlərinə nəzərə yetirməklə qiymətləndirmək olar. Doğrudur, qlobal müstəvidə baş verən proseslərə görə, azad sözə qiymət məsələsində də bəzi yanlışlıqlara, deformasiyaya rast gəlirik. Terror, miqrant böhranı, böyük dövlətlərin maraqları məsələlərində transmilli medianın çox hallarda məlumat azadlığı prinsipindən kənara çəkildiyi kimi hallara təsadüf edildi. Ancaq, bunlar ümumiyyətlə, bütün media üçün xarakterik deyil. Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş respublika olaraq hər zaman diqqət mərkəzindədir və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatlarda medianın, azad sözün oynadığı rola həssas münasibət göstərilir. Etiraf edək ki, bu gün ölkəmizdə demokratik və sosial-iqtisadi inkişaf paralel gedir. Cəmiyyətdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Azərbaycanda söz azadlığı tam təmin edilib, bu sahədə hansısa məhdudiyyət yoxdur. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Bəzi hallarda müəyyən qeyri-hökumət təşkilatları hakimiyyətin ünvanına tənqid səsləndirir. Lakin reallıq fərqlidir və ona görə də səslənən iradların qərəzdən başqa bir şey olmadığı ortaya çıxır. Bunun səbəbləri bəllidir. Ölkə hüdudlarından kənarda olan, Azərbaycanın əleyhinə iş aparan beyin mərkəzləri demokratiya, söz azadlığı məsələlərini qabardaraq bu günə qədər bir çox beynəlxalq təşkilatlarda qətnamələr, qərarlar qəbul etdirə biliblər. Adi məişət problemlərini qlobal arenaya çıxararaq ölkəmizi demokratiyanı pozmaqda ittiham ediblər. Xüsusən, düşmən Ermənistanla qarşı-qarşıya dayandığımız bir vəziyyətdə həmin dairələr Azərbaycan jurnalistlərini dövləti maraqlardan uzaqlaşmağa da sövq etməyə çalışıblar. Halbuki, istər Körfəz müharibəsi, istər “Ərəb baharı”, istər 11 sentyabr terroru və digər strateji əhəmiyyətli məsələlərdə Amerika mətbuatı milli maraqları hər şeydən üstün tutdu. Heç kəs də onlara hansısa irad bildirmədi. Bəzi hallarda isə bizim mediadan fərqli yanaşma tələb edirlər. Buna yol vermək olmaz. O ki qaldı mətbuata diqqət və qayğı məsələsinə, birmənalı şəkildə demək olar ki, dünyanın heç bir ölkəsində mətbuat nümayəndələrinə Azərbaycanda olduğu qədər yardım göstərilmir, dəstək verilmir. Bu baxımdan söz və mətbuat azadlığı kriteriyalarına görə Azərbaycan digər dövlətlərlə müqayisədə əsla geri qalmır, mətbuata dəstək məsələsində Azərbaycan modelinin dünyada tətbiqi haqqında isə artıq geniş müzakirələr gedir.
www.yenicag.az