Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakıda sprint yarışlarının keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, Şirkətin yaydığı məlumatda qeyd edilib ki, 2023-cü ilin Formula 1 mövsümü növbəti ilə imza ataraq, 24 yarışla yadda qalacaq.
7-ci Formula 1 Azərbaycan Qran Prisi isə 2023-cü il 28-30 aprel tarixlərinə təsadüf edəcək. Mövsüm 5 mart tarixində Bəhreyndə start verəcək, noyabrın 26-ı isə ənənəyə sadiq qalaraq Əbu-Dabidə yekunlaşacaq. Qeyd edək ki, cümə-şənbə günləri, yəni 28-29 aprel tarixlərində sərbəst yürüşlər və sıralanma turu, 30 aprel, həftənin bazar günü isə final yarış – Formula 1 Azərbaycan Qran Prisi baş tutacaq.
F1 azarkeşlərinin həyəcanla izlədiyi sprint yarışlarına gəlincə, onun Bakıda baş tutması hələ ki Formula 1 tərəfindən rəsmi təsdiq edilməmişdir, buna baxmayaraq, “Formula One Management” bu yarışın coğrafiyasının genişlənməsinə və daha çox ölkədə keçirilməsinə maraqlıdır. Bu istiqamətdə Bakı Şəhər Halqası tərəfindən də danışıqlar aparılır və hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat təqdim olunacaq.
www.yenicag.az