Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” - Bakıda beynəlxalq konfrans

Sentyabrın 15-də Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb. İki gün davam edəcək konfrans dünyanın ən nüfuzlu xərçənglə mübarizə təşkilatı olan və öz ətrafında 40 minə yaxın üzvü birləşdirən Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivlərdir.

Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev bildirib ki, Amerika Klinik Onkologiya Cəmiyyətinin rəhbərliyi uzun müddət davam edən işgüzar və səmərəli danışıqların nəticəsi olaraq Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlıq təklifini razılıqla qarşılayıb. Amerikalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin onkoloji xəstəliklərlə mübarizə üsullarını araşdırıb, burada aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb, mərkəzin beynəlxalq əməkdaşlıq strategiyasını öyrənib və işbirliyinə qərar veriblər. Bu əməkdaşlıq mərkəzin Amerikadan olan həmkarlarla ilk işbirliyi deyil. Hələ 2015-ci ildə Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında beynəlxalq əməkdaşlıq üzrə uzunmüddətli müqavilə imzalanıb.

Professor Əziz Əliyev tədbirdə Amerika Klinik Onkologiya Cəmiyyətinin üzvləri, ABŞ-ın Sietl Xərçəng Mərkəzinin direktoru, professor Culia Gralou, Mayami Universitetinin kötük hüceyrələr bölməsinin rəhbəri, professor Tan İnce, Kolorado Universitetinin professoru David Raben, Honkonq Çin Universitetinin professoru, Klinik Araşdırmalar Mərkəzinin direktor müavini Herbert Lung, süd vəzi xərçəngi üzrə cərrah Karlos Qarsia Etinenne kimi tanınmış mütəxəssislərin iştirak etdiyini vurğulayıb.

Azərbaycanda onkoloji xidmətin inkişaf yolundan danışan Ə.Əliyev ölkə rəhbərliyinin daim diqqət və qayğı göstərdiyi Milli Onkologiya Mərkəzinin təkcə respublika əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisə olduğunu diqqətə çatdırıb: “Konfransdan bir gün əvvəl qonaqlar Milli Onkologiya Mərkəzini ziyarət edib, Azərbaycanda mövcud onkoloji xidmətin keyfiyyəti ilə maraqlanıblar. Onlar mərkəzin uşaq onkologiyası, şüa terapiyası, kimyaterapiya, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, burada xəstəliklərin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılmış şəraitlə tanış olublar. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyev qonaqları qəbul edib, onlara Azərbaycanda onkoloji xidmətin inkişaf yolu haqqında məlumat verib. Qonaqlara bildirilib ki, son illər mərkəz onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində onkoloji xidmətin keyfiyyəti ilbəil daha da artır, müasir innovasiyaların tətbiqi genişlənir. Xarici mütəxəssislər akademik C.Əliyevin onkologiya sahəsində çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirib və Milli Onkologiya Mərkəzində xərçəngdən əziyyət çəkən xəstələrin müalicəsi üçün yaradılan müasir şəraitin əhəmiyyətini xüsusi vurğulayıblar. Onlar mərkəzdə xəstələrin şüa müalicəsi üçün dünya standartlarına uyğun təşkil edilən yeddi xətti sürətləndirici ilə təmin olunmuş şüa terapiyası şöbəsinin işinə heyran qaldıqlarını bildiriblər.

Dünən, həmçinin Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində Amerika Onkoloji Tibb Bacıları Cəmiyyəti tərəfindən onkologiya sahəsində çalışan tibb bacıları üçün kurs təşkil olunub. Təlimdə 50-dən çox tibb bacısı iştirak edib. İlk kurs çox səmərəli olub, işgüzar müzakirələrlə yadda qalıb”.

Amerika Klinik Onkologiya Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Vanessa Sarchet və Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Stefan Tervindt konfransın yüksək səviyyədə təşkili üçün Milli Onkologiya Mərkəzinə dərin minnətdarlığını bildiriblər. Mütəxəssislər onkoloji xəstəliklər və onların müalicəsində tətbiq olunan müasir üsullar barədə danışıblar.

Tədbirdə Milli Onkologiya Mərkəzinin süd vəzi cərrahı Cavid Qəribovun “Azərbaycanda süd vəzi xərçənginin epidemiologiyası və müalicə prinsipləri”, Mayami Universitetinin Kötük Hüceyrələr Mərkəzinin direktoru, professor Tan İncenin “Süd vəzi xərçəngində patohistoloji müayinə”, İtaliyanın Süd Vəzi Mərkəzinin nümayəndəsi, süd vəzi xərçəngi üzrə cərrah Karlos Qarsia Etinennenin “Süd vəzi xərçəngində cərrahi müalicənin rolu”, Milli Onkologiya Mərkəzinin şüa terapevti Günel Hacının xəstə təqdimatı əsasında “Erkən mərhələdə süd vəzi xərçəngi”, Kolorado Universiteti, şüa terapiya şöbəsinin professoru David Rabenin “Süd vəzi xərçəngində şüa müalicəsinin rolu”, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Elxan Kazımovun xəstə təqdimatı əsasında “Yerli-yayılmış süd vəzi xərçəngi”, ABŞ-ın Sietl Xərçəng Mərkəzinin süd vəzi onkologiyası, klinik tədqiqat şöbəsinin direktoru, Vaşinqton Universiteti tibb fakültəsinin professoru Culia Gralounun “Süd vəzi xərçəngində sistem müalicənin rolu”, Amerika Klinik Onkologiya Cəmiyyəti və Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin nümayəndəsinin xəstə təqdimatı əsasında “Metastatik süd vəzisi xərçəngi” mövzularında məruzələri dinlənilib.

Sentyabrın 16-da yekunlaşacaq beynəlxalq konfransın ikinci günü professor Əziz Əliyevin “Azərbaycanda baş-boyun şişlərinin epidemiologiyası və müalicə prinsipləri. Baş-boyun şişlərinin cərrahi müalicəsi”, Deyvid Rabenin “Baş-boyun şişlərində şüa müalicəsinin rolu”, Honkonq Çin Universitetinin professoru, Klinik Araşdırmalar Mərkəzinin direktor müavini Herbert Lungun “Baş-boyun şişlərində sistem müalicəsinin rolu”, Ohayo Dövlət Universitetinin James Xərçəng Mərkəzinin direktor müavini Kolleen O’Learinin “Xərçəng xəstələrində palliativ qulluğun əhəmiyyəti”, Avrora Səhiyyə Xidmətinin mütəxəssisi, Süd Vəzi Mərkəzinin tibb bacısı Jeanie Rosiakın xəstə təqdimatı əsasında “Palliativ qulluq” mövzularında, eləcə də Amerika Klinik Onkologiya Cəmiyyəti, Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətin və Milli Onkologiya Mərkəzinin əməkdaşlarının xəstə təqdimatı əsasında məruzələri dinləniləcək./Azertac/

 

 

www.yenicag.az

151
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS