Dünya əhalisinin sayı azalacaq
Əhalinin yaşlaşması və urbanizasiya yeni çağırış, yeni imkanlar vəd edir. Bu mövzular Birləşmiş Millətlər Təşkilatının (BMT) aprelin 7-də Nyu-Yorkdakı mənzil-qərargahında işinə başlayan Əhali və inkişaf üzrə komissiyasının 74-cü sessiyasında müzakirə olunub.
BMT baş katibinin hesabatında əlaqəli məsələlərə aydınlıq gətirilib:
“Müasir dünyanın demoqrafik tərkibi bəşəriyyət tarixində heç vaxt görünməyən rəngarəngliyi ilə seçilir. Doğum sayının yüksək olduğu ölkələr üçün yaş strukturunda çoxlu gənclərin olması və əhalinin yüksək artım tempi xarakterikdir, doğumun təkrar doğuş səviyyəsindən aşağı düşmüş ölkələrdə isə əhalinin sürətlə qocalması müşahidə olunur”.
Sənəddə qeyd olunur ki, 2014-cü ilin əvvəlində dünya əhalisinin sayı 1994-cü ildəki 5,7 milyarddan 7,2 milyard nəfərə yüksəlib. Qarşıdakı onilliklərdə Afrika əhalisinin sayı xeyli artacaq. Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə bu qitənin əhalisinin sayı Cənubi Amerika və Karib hövzəsi əhalisinin sayını 6 dəfədən çox, Asiya əhalisinin artım tempini isə 15 dəfədən artıq üstələyəcək.
Bundan əlavə bildirilir ki, 2014-2050-ci illərdə qırxdan çox ölkədə əhali sayının azalacağı gözlənilir. Əhali sayında ən çox azalma Almaniya, Çin, Polşa, Rusiya, Rumıniya, Serbiya, Tailand, Ukrayna və Yaponiyada qeydə alınacaq. Oxşar vəziyyət digər ölkələrdə, xüsusilə Şərqi Avropa, eləcə də Şərqi, Cənub-Şərqi və Qərbi Asiyada müşahidə olunacaq(axar.az).