Dünyanın ən böyük mədən faciələri
Somada həyatını itirənlərin sayı 270-i keçib və qəza dünya tarixinə yazılan ən böyük mədən faciələri arasında yer alıb.
Manisanın Soma bölgəsində baş verən hadisə insan tələfatına görə son 10 ilin ən böyük mədən faciəsidir.
Çin
Dünyada 200-dən çox mədənçinin həyatını itirdiyi ən böyük qəzalardan biri də 2005-ci ildə Çində baş verib. Çinin cənub qərbində yerləşən Fuxin kömür mədənçiliyi bölgəsindəki partlayış nəticəsində 203 işçi ölüb 12 işçi isə itkin düşüb. Çin hökuməti bu faciəni 1949-cu ildən o günə kimi meydana gələn ən böyük mədən faciəsi olaraq xarakterizə edib.
Meksika
2006-cı ildə Meksikanın şimalında San Jun de Sabinas bölgəsindəki mədəndə qaz partlayışı nəticəsində 65 mədənçi həyatını itirib.
Ukrayna
Ukraynanın Donetsk şəhəri yaxınlığında 2007-ci ildə meydana gələn mədən faciəsində isə 90 işçi həlak olub.
Pakistan
Son illərdə mədən faciəsi ilə gündəmə gələn digər ölkə isə Pakistandır. 2011-ci ildə mədən ocağında qaz sıxılması nəticəsində yaranan partlayış nəticəsində 52 işçi ölüb.
Konqo
2012-ci ildə Konqoda yaşanan faciədə isə 60 nəfər həyatla vidalaşıb.
Tibet
Sonuncu hadisə isə Çinin Tibet bölgəsindəki mədəndə baş verib. Mədən ocağının çökməsi nəticəsində 83 mədənçinin iş yeri onların məzarına çevrilib.
Benxihu
Tarixin ən böyük mədən faciəsi isə Çinin Benxihu bölgəsində meydana gəlib. 1942-ci ildə baş verən partlayış nəticəsində 1549 nəfər həyatını itirib(axar.az).