Son günlər mediada məlumat verdiyimiz kimi, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) mahnısının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatında bildirilir.
Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən iyulun 9-da geniş şərh, iyulun 10-da Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı və iyulun 12-də isə birgə məlumatı yayılıb.
İyulun 12-də birgə məlumatda görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısının müəllif hüquqularının pozulması səbəbindən “Youtube” tərəfindən silindiyi və həmin mahnının “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi ilə bağlı müvafiq işlərin aparıldığı bildirilib.
“Görülmüş işlərin nəticəsi olaraq bildiririk ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) – https://rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqlarının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.
Bununla yanaşı qeyd edirik ki, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən “Youtube” platformasından silinib.
Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib”, – deyə məlumatda qeyd olunub.
www.yenicag.az