“FETÖ işi”ndə həbs olunanların 53 min nəfəri azadlığa buraxılıb” – Türkiyəli yazardan şok iddia

Türkiyədə FETÖ terror şəbəkəsinə qarşı son iki ildə aparılan total mübarizənin statistikası açıqlanıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin tanınmış köşə yazarı Nedim Şener “FETÖ-nun dövlətlə mübarizəsi” adlı yazısında şəbəkəyə qarşı həyata keçirilən fəaliyyətin mühüm detallarına işıq salıb.

Şenerin yazdığına görə, 15 iyul çevriliş cəhdindən təqribən iki həftə sonra – 31 iyul 2016-cı il tarixində barələrində təhqiqata başlanılanların sayı 50 min 249 nəfər olub. Bu rəqəm 2017-ci il iyulun 31-də 293 min 940, 3 avqust 2018-ci ildə isə 454 min 482 nəfərə çatıb.

Hazırda “FETÖ işi” çərçivəsində 150 min 270 iş təhqiqat (100 min 129) və ya məhkəmə baxışı (50 min 078) mərhələsindədir. Bu proses 454 min 482 nəfəri əhatə edir. Onlardan 206 min nəfərin barəsində həbs qərarı verilib. Prosesin davamında onlardan 78 min nəfəri sərbəst buraxılıb. Ədliyyə prosedurlarından sonra azadlığa buraxılanların sayı 83 min nəfər olub.

Bu günə qədər 85 min 500 nəfəri həbsxanaya göndərilib. Onlardan 53 min nəfəri bir müddət sonra azadlığa çıxıb. Hazırda “FETÖ işi” çərçivəsində həbsxanada olanların sayı 32 min 647 nəfərdir.

Şener bu statistikanı diqqətə çatdırdıqdan sonra azadlığa buraxılan FETÖ-çuların bu və ya başqa formada dövlət əleyhinə fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, dünyanın 100-dən artıq ölkəsində şəbəkələşən FETÖ mənsubları Türkiyəyə zərbə vurmaqda davam edirlər.

Yazar qeyd edib ki, bu fəaliyyətdə həbsdən buraxılan FETÖ-çular xüsusi fəallıq göstərirlər. Bildirilir ki, azadlığa çıxan FETÖ-çuların bir çoxu daha sonra istintaqdan yayınan yoldaşlarını gizləndikləri məkanlarda, yaxud onların “pultoplama yerləri”ndə ələ keçiriliblər. Onlardan bəziləri isə ölkə xaricinə üz tutaraq, öz həmfikirlərini “ümumi iş”in davam etdiyinə inandırmağa çalışırlar. Onlar həmçinin xarici nəşrlərdə Türkiyə əleyhinə böhtan yazılar dərc etdirməklə, ictimai rəyi yanıltmaqdan qalmırlar.

Müəllif yazısının sonunda qeyd edib ki, bütün bunlara baxmayaraq, Türkiyə FETÖ-ya qarşı hüquq müstəvisində apardığı mübarizəni uğurla yekunlaşdıracaq.

COP29