Ölkəmizdə səfərdə olan Fransa prezidenti Fransua Ollandın dosyesini təqdim edirik:
Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Sosialist Partiyasının üzvüdür. İlk iş yeri Auditorlar Palatasında olub.
Orada auditor vəzifəsində çalışıb. 1981-95-ci illərdə Fransanın prezidenti olmuş Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən biri olub. 1988-ci ildə ilk dəfə Fransa parlamentinin aşağı palatasına seçilib. 1997-ci ildən parlamentin üzvüdür. 2001-2008-ci illərdə Tül şəhərinin meri olub. Olland heç vaxt rəsmi nikah bağlamayıb. 28 il sosialist siyasətçi Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Prezident seçildiyi dövrdə Olland özündən 10 yaş kiçik olan jurnalist Valeri Trierveyderlə vətəndaş nikahında yaşayırdı. Prezidentlikdən öncə də Fransada ən tanınmış siyasi fiqurlardan biri olmasına baxmayaraq, 57 yaşlı Olland milli hökumətdə indiyə kimi heç bir vəzifə tutmayıb. Ollandın iqtisadi siyasəti varlılar üçün vergilərin artırılması, yanacaq qiymətlərinin dondurulması, sosial təminat proqramlarının genişləndirilməsi və 60 min müəllim üçün yeni iş yerlərinin açılması üzərində qurulub.
Ollandın prezident seçki kampaniyası zamanı irəli sürdüyü “Mənim düşmənim pul dünyasıdır” şüarı Avropada təəccüblə qarşılanıb. Olland “sol”çu olması ilə yanaşı, “mən heç vaxt marksist olmayacağam” ifadəsi ilə rəsmi Londonun marağına səbəb olub. Prezident seçiləndən bir müddət sonra aydın oldu ki, Fransua Olland Sarkozinin NATO siyasətini dəyişdirməyəcək, lakin ona yeni bir görünüş verəcək. Bu da o deməkdir ki, Fransa xarici siyasəti Sarkozi dövrü ilə müqayisədə Atlantik məkana daha az meylli olacaq. Sarkozi bu mənada İkinci Dünya müharibəsindən sonra Fransada ən amerikapərəst bir perzident idi. Qısa bir müddət ərzində məlum oldu ki, Olland, Nikola Sarkoziyə nisbətən daha az amerikapərəstdir. Ondan daha az israilpərəstdir. Lakin manevr etmək imkanları o qədər də çox deyil, buna görə də Ollandın xarici siyasəti ilə Sarkozinin xarici siyasəti arasında böyük fərq olmayacaq.
Sosialist partiyasının namizədi olan Fransua Olland daha mühafizəkar və bəziləri tərəfindən solğun dəst-xəttə malik olan bir siyasətçi kimi təsvir olunur. Olland son zamanlaradək işə motosikletlə gəlməyə üstünlük verib. Onun tərəfdarları isə “zahiri təvazökarlıq arxasında xüsusi qərarlılıq gizlənir” deyirlər. Olland 2012-ci ildə partiyaya rəhbər seçildikdən sonra, yetərincə ağır seçki prosesindən keçərək, öz şəxsi və ictimai həyatını sınağa qoydu. “Mən ifrat solçuluq tərəfdarı deyiləm”, – deyə Fransua Olland özü barədə deyib.
Olland sabiq mühafizəkar prezident Jak Şirak tərəfindən partiya sədlərini keçə biləcək, “əsl dövlət xadimi” kimi təriflənib. Olland bir çox siyasi analitik və xadim tərəfindən Fransa üçün ən uyğun prezident kimi qəbul olunsa da, sələfi Sarkozinin lağlağısına dəfələrlə tuş gəlib. Belə ki, Sarkozi Olland barədə “Prezident gülməli vəziyyətə düşməməsi üçün ehtiyatlı olmalıdır” deyib.
Sarkozi deyib ki, Olland öz məşuqəsinin evindən çıxarkən çəkilmiş fotoşəkildə “tamamilə gülməli” görünür. Sarkozi bədxahcasına qeyd edib ki, o, Ollandan fərqli olaraq Karla Bruniyə yaxşı rəftar edib və münasibətlərini qısa müddətdə rəsmiləşdirib. Çünki KİV səhifələrində özünün səhər tezdən və ya qaranlıqda çəkilmiş “miskin” foto şəkillərini görmək istəməyib.
“Həmin vaxtlar hər bir insanın şəxsi həyata haqqı var. İctimai xadim və prezident gülməli vəziyyətə düşməməsi üçün ehtiyatlı olmalıdır”.- Sarkozi deyib. Daha çox qalmaqala səbəb verən mövzu isə, Ollandın daim göz qabağında olan şəxsi həyatıdır. Belə ki, cari ilin əvvəlində Fransa prezidenti Valeri Trierveiler ilə ayrıldı. Lakin ilk dəfə olaraq şəxsi həyatında baş verən hadisələrin təfərrüatlarını mətbuatdan gizlətdi. Görünür, Sarkozinin tənqidi sərt olduğu qədər Olland üçün həm də faydalı olub. Yeri gəlmişkən, açıq-aşkar ermənipərəst mövqeyi ilə seçilən Sarkozidan fərqli olaraq, Olland daha çox obyektiv mövqeyi ilə fərqlənməkdədir. Olland Bakıya səfəri zamanı “Fransa Minsk qrupunun həmsədri kimi, Azərbaycana və Ermənistana münaqişəni sülh yolu ilə həllini tapmaq üçün əlindən gələ hər şeyi edəcək” deyib(teleqraf.com).
www.yenicag.az