Gənc alimlər evlə təmin olunacaq?
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, gənc alimlərin evlə təmin olunması məsələsi hər zaman akademiyanı düşündürür. Onun sözlərinə görə, hazırda akademiya yataqxanasının yerində yeni 4 korpuslu bina inşa olunur: “Onların 2 korpusunda daha çox ehtiyacı olan gənc alimlərə yer ayrılacaq. Hazırda orada 12 və 13-cü mərtəbənin tikintisi gedir və hər hansı bir problem yoxdur. Bu binanın tikintisi aparılır və ilin sonuna kimi işlər yekunlaşması gözlənilir. Güman edirəm ki, gələn ildən gənc alimlər evlərlə təmin oluna bilər”.
A.Əlizadə AMEA-nın “Gənclər şəhərciyi” layihəsinin Tədbirlər Planından çıxarılması barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, belə bir fikir yoxdur. AMEA prezidentinin sözlərinə görə, hazırda Bakı şəhər İcra Hakimiyyəti ilə birgə “Gənclər şəhərciyi”nin inşa olunması üçün sahə axtarılır: “Hazırda onun harada inşa olunacağı məlum deyil”(apa).