“Hər şey Putinin maraqlarına bağlıdır”
Natiq Miri “Ermənistanın Rusiyanın təsir dairəsindən qaçacaq bir yeri və imkanı yoxdur”
Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin aprelin 24-də Türkiyəyə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı bayram tədbirlərinə getmək istəyi İrəvanda şok doğurub. Bu isə Rusiyanın ən yüksək səviyyədə soyqırım iddialarını rədd etməsi anlamına gəlir.
Politoloq Natiq Miri bildirir ki, Ermənistan Avropa Birliyindən imtina və Avrasiyaya üzvlüklə bağlı qərarından sonra Rusiyanın bir əyalətinə çevrildi. Belə olduğu təqdirdə Rusiyanın geosiyasi maraqları fonunda Ermənistanın maraqları ikinci plana keçə bilər. Bu gün Ermənistanla bağlı məhz həmin vəziyyət yaşanır.
“Narışkin Rusiyanın dövlət rəhbərlərindən biridir və statusca dövlətdə 4-cü şəxsdir. Onun bu cür açıqlaması Türkiyəyə olan ehtiyacı və önəmi göstərir. Qərbin strateji müttəfiqi olan Türkiyənin bu gün Rusiyayla əməkdaşlığı gücləndirməsi Moskva üçün böyük önəm daşıyır Rusiya prezidentinin 24 apreldə Türkiyəyə gələcəyini də istisna etmirəm. Buna əsas verən Türkiyə Böyük Millət Məclisinin başqanının açıqlamasıdır. Açıqlamada Ərdoğanın may ayında Moskvada keçiriləcək tədbirə qatılacağını istisna edilməyib. Bu isə o anlama gəlir ki, Putin Çanaqqalanın 100 illiyi tədbirinə qatılacaqsa Ərdoğan da Moskvada Putini Qızıl Meydanda tək buraxmayacaq.”-deyə, Natiq Miri məsələnin mahiyyətini izah edib.
Politoloq deyir ki, Narışkinin o cür açıqlama verməsində müəyyən məqamlar, mesajlar da yox deyil.
“Rusiya 1995-ci ildə “qondarma soyqırımı” Dövlət Dumasında qanun şəklində qəbul etməyib. Duma sadəcə olaraq bunu bir bəyanat şəklində elan edib. Bu isə heç bir hüquqi əsas yaratmır. Ona görə də ermənilərin inciyib inciməməsi burada heç nəyi həll etməyəcək. Burada hər şey Rusiyanın və Putinin maraqlarına bağlıdır”
Kamran