İntihar edən məmurun evinə maskalılar basqın edibmiş
İntihar edən Salyan Təhsil Şöbəsinin sabiq müdirinin evinə maskalılar basqın edibmiş
Salyanda baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib. O, ürəyindən atəş açaraq, intihar edib. 1946-cı il təvəllüdlü Qulam Sadıqov həm də Salyan Rayon Təhsil Şöbəsinin keçmiş müdiri olub. O, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifidir.
Qulam Sadıqovun özünü öldürməsinə səbəb kimi onun ağır xəstəliyi göstərilir. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş. İki il əvvəl onun başında cərrahiyə əməliyyatı aparılıb. İntihar etdiyi gün isə növbəti əməliyyat aparılacaqmış. Son vaxtlar isə xəstəlikdən daha çox əziyyət çəkdiyi bildirilir.
Salyan polis şöbəsindən isə bildiriblər ki, bir müddət əvvəl (martın 5-də) mərhumun evinə maskalı şəxslər basqın edib. Basqınçlar ona və həyat yoldaşına fiziki təzyiq göstərib və evindən qızıl-zinət əşyaları oğurlanıb. Evə basqın edən şəxslər saxlanılıb.
Oğurluq hadisəsinin intiharla əlaqəli olub-olmaması araşdırılır.
apa