İslamiadanın medalçıları üçün mükafat müəyyənləşdirildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərənacm imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Eyni zamanda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

– üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Yeniçağ.az

COP29