“Mədəniyyət mərkəzlərinin yaradılması işinin Türkiyədəki səfirliyimizə həvalə edilməsini yanlış sayıram”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hökumətlərarası müqaviləyə əsasən, Türkiyədə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması səlahiyyətinin Ankaradakı səfirliyimizə verilməsinə münasibət bildirən Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı deyib.
Tənzilə Rüstəmxanlının fikrincə, qeyd olunan işlərlə diplomatik nümayəndəlik yox, təcrübəli ictimai qurumlar məşğul olmalıdırlar:
“Bütün hallarda səfirlik rəsmi qurumdur və düşünmürəm ki, səfirlik bu işləri görə bilsin. Bu çərçivədə, yəni mədəniyyət mərkəzlərinin yaradılması məsələsində Türkiyənin seçdiyi variant çox doğrudur. Çünki Yunus Əmrə İnstitutu fəaliyyət göstərdiyi bütün ölkələrdə az qala bir səfirlik miqyasında işlər həyata keçirir.
Azərbaycan da belə bir qurum yarada, yaxud da Türkiyədə qurulmuş uyğun təşkilatların imkanlarından yararlana bilərdi. Mənə görə, Türkiyədə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması səlahiyyətinin Diaspora Komitəsinə verilməsi də mümkün idi.
Məsələn, Azərbaycan-Türkiyə Evi olaraq, uzun müddətdir fəaliyyət göstəririk, bu məsələyə dair fikir mübadiləsi aparıla bilərdi… Əslində, bu işlərlə ictimai qurumların məşğul olması daha məqsədəuyğundur, nəinki səfirliyin”.
A.Zeynalov
www.yenicag.az