İtmiş təyyarə 1 ildir ki axtarılır
Malayziya itmiş sərnişin təyyarəsinin axtarışlarını dayandırmaq fikrində deyil.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Malayziyanın Nəqliyyat Nazirliyi “Boeing 777” təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində laynerin axtarışlarını davam etdirməyə söz verib.
Nazir Liou Tionq Lay Boeing 777 təyyarəsinin axtarışlarının dayandırılması məsələsinin müzakirə mövzusu olmadığını və axtarış əməliyyatlarının azı may ayınadək davam edəcəyini deyib. “Bundan sonra da laynerin izinin tapılmayacağı təqdirdə, ekspertlərin qərarına əsasən hərəkət etmək lazım gələcək” – deyə nazir əlavə edib.
Malaysia Airlines şirkətinin başçısı Əhməd Cahari Yəhya da öz növbəsində gözlənilən struktur və rəhbər dəyişikliklərinə baxmayaraq, kompaniyanın yoxa çıxmış təyyarənin ekipaj üzvləri və sərnişinlərinin ailələrinə yardımdan imtina etməyəcəyini bildirib.
Bu gün bəlli olub ki, МН370 reysi ilə uçan təyyarənin itməsindən sonra Malayziya Hava Yolları şirkətinə məxsus bəzi təyyarələrdə hər 15 dəqiqədən bir koordinatlar, sürət və uçuş istiqaməti barədə hesabat göndərən sistem quraşdırılıb.
Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların indiyədək davam etməsinə baxmayaraq, hələ ki, təyyarənin izini tapmaq mümkün olmayıb.