Kim doğru deyir?
“FHN-nin məlumatını təkzib etmirəm. Ola bilər ki, zibillikdə başlayan yanğın binaya da keçib”.
Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Bakının Bibiheybət qəsəbəsində ARDNŞ-in nəzdində olan məktəbin həyətindəki yanğınla bağlı danışarkən dedi.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin yanğının inzibati binada baş verməsi ilə bağlı açıqlamasından fərqli açıqlama verməsinin səbəbi ona daxil olan məlumatla bağlıdır: “Yanğını artıq FHN söndürüb və əsas da budur. Mən yanğının bizim binada baş verdiyini qətiyyən istisna etmirəm. Sadəcə, hadisə yerində bizim əməkdaşlar da olub. Mənə də rəsmi şəkildə bildirilib ki, binanın arxasında zibillikdə yanğın baş verib, binamıza heç nə olmayıb, sadəcə külək tüstünü binanın içəri hissəsinə doldurub. Məndə bundan başqa məlumat yoxdur. Ola bilər ki, binanın arxasında zibillikdə başlayan yanğından qığılcım binaya da düşüb, orada da yanğın baş verib. Dəqiq məlumat əlbəttə ki, FHN-nin yanğınsöndürmə briqadasındadır.”
Qeyd edək ki, bu gün Bakının Bibiheybət qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin həyətində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı açıqlamasında yanğının inzibati binada baş verdiyini bildirib.
ARDNŞ-in mətbuat xidməti isə yanğının Təhsil Kompleksinə heç bir aidiyyəti olmadığını deyərək, yanğının binanın arxasındakı məişət tullantılarının yığıldığı ərazidə baş verdiyini açıqlayıb(axar.az).