Sentyabrın 4-5-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin antiterror təlimləri keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi (UzA) məlumat yayıb.
Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin MDB-yə üzv dövlətlərin Terrorla Mübarizə Mərkəzinin əlaqələndirici rolunda keçirdiyi təlimlərin məqsədi terrorçuların obyektlərdə və izdihamlı yerlərdə aşkarlanması və mühüm məsələlər üzrə birgə tədbirlərin həyata keçirilməsində səlahiyyətli orqanların fəaliyyətini təkmilləşdirməkdir.
Sentyabrın 4-5-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizəyə həsr olunmuş elmi-praktik konfransı keçiriləcək.
Məlumata görə, tədbirdə iştirakçı dövlətlərin səlahiyyətli orqanlarının, terrorizm və ekstremizmlə mübarizə problemlərinin öyrənilməsi ilə məşğul olan beynəlxalq, təhsil və elmi-analitik təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır. BMT, İnterpol, Çirkli Pulların Yuyulması və Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Avrasiya Qrupu, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Konfransın nümayəndələrinin də iştirakı gözlənilir.
Konfrans iştirakçıları qabaqcıl təcrübə mübadiləsi aparacaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasını və yeni çağırışlar və təhlükəsizlik təhdidlərinə qarşı ümumi anlaşma və yanaşmaların formalaşdırılmasını müzakirə edəcəklər./unikal
www.yenicag.az