Məmmədyarov sədrliyi təhvil verdi
Noyabrın 13-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi başa çatıb. Ölkəmiz sədrliyi Belçikaya təhvil verib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir deyib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Bu 6 ay qitəmizin tarixində çox gərgin keçib. Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub.
“Sədrlik dövrü, həmçinin Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında sıx qarşılıqlı əlaqə ilə yadda qalıb”, – deyən nazir bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Assambleyanın iyun ayında keçirilən sessiyasındakı nitqini xatırladıb. (qafqaznf.az)