Bir qrup müxalif partiya Azərbaycan Xalq Hərəkatının yaranması barədə qərar qəbul edib.
Müxalifətin zirvə toplantısında digər müxalif siyasi partiya və hərəkatlara – Əli Kərimlinin rəhbərlik etdiyi AXCP, Müsavat partiyası, ReAl partiyası və ADR hərəkatına da müxalifətin birliyinə qoşulmaq təklif edilib.
Ancaq toplantıdan bir neçə gün keçməsinə baxmayaraq müraciət edilən qurumlardan cavab gəlməyib.
Ümumiyyətlə, Azərbaycan siyasi mühitində müxalif düşərgənin dəfələrlə birliyi yanıb və qısa zaman kəsiyində dağılıb. Xüsusən, Müsavat partiyası ilə AXCP-nin bir-birini həzm etməməsi blokların dağılmasına gətirib çıxarıb.
Müxalifətin yeni birliyinin yaranması və digər partiyaların ona qoşulub-qoşulmaması ilə bağlı Ümid partiyasının sədri İqbal Ağazadə Yenicag.az-la öz fikirlərini bölüşüb. O, digər partiyaların dəvət edildiyini və gerisinin onların öhdəsinə qaldığını bildirib:
“Biz demirik ki, kimsə olmadan bu birlik olmayacaq. Biz deyirik ki, bizimlə birgə olarlarsa, iş daha mütəşəkkil, xalq və dövlətimiz üçün daha faydalı olar. Bu da bizim düşüncəmizdir, çağırışımızdır. Bundan sonrasını özləri bilərlər.
Birliyin dağılmasına gəldikdə isə əbədi heç nə yoxdur. Hər bir şey öz missiyasını yerinə yetirdikdən sonra və ya yerinə yetirmədən dağılmalıdır. Biz hələ ki birliyə doğru gedirik. Bu, bizim bacarığımızdan, Azərbaycan xalqının yanaşmasından, proseslərin dinamikasından, regionda baş verən hadisələrdən asılıdır. Hesab edirik ki, bizim proseslərə münasibətimizin içərisində bir sevgi, xoşməramlılıq var. Biz Azərbaycanın dağılması üçün birləşməmişik. Biz Azərbaycanın daha yaxşı olması üçün birləşmişik. Birləşmişik ki, Azərbaycan demokratikləşmə, islahatların aparılması sahəsində daha yaxşı şeylər əldə etsin”.
Növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalı və son dönəmlər siyasi fəallığın artmasına gəldikdə isə partiya sədri bunları deyib:
“Siyasi fəallığın dinamikasını hadisələrlə ölçmək doğru deyil. Heç kim bilmir ki, növbədənkənar parlament seçkiləri olacaq ya yox. Hazırkı dinamika 2015-ci ildə niyə yox idi? 2015-ci ildə proqnozlaşdırılan yox, real parlament seçkiləri var idi, ancaq o dinamika yox idi. Hesab edirəm ki, ayrı-ayrı hadisələrin üzərində fokuslanmaq və o hadisələrin fonunda dinamikliyin məhz bundan yarandığını demək doğru deyil. Ermənistan-Azərbaycan münaqişəsi fonunda baş verən hadisələr, Cənubi Qafqazda Gürcüstan və Ermənistanın demokratikləşməsi və bizim çətin durumda qalmağımız dinamikliyi artırır. Bütün bunların fonunda Azərbaycanın gələcəyi təhlükədədir. Ölkədə daxili münasibətlər sistemi olduqca bərbaddır. Bunlar dəyişməlidir. Bunları dəyişdirməyi bacarmalıyıq”.
Səxavət Məmməd
www.yenicag.az