Oliqarxa çevrilən idarə rəisinin sərvəti…
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Qaz İxrac” İdarəsinin fəaliyyəti burda çalışan işçilər tərəfindən müsbət qiymətləndirilmir.
Belə ki, idarədə və ona tabe olan magistral qaz kəmərləri sahələrində çalışan insanlar iş şəraitinin həddən artıq ağırlığından, əməklərinə düzgün qiymət verilməməsindən və haqsız münasibətdən şikayətlənirlər. Bu haqda əvvəlki saylarımızdan birində ətraflı məlumat vermişdik.
Apardığımız araşdırmalar nəticəsində idarənin rəisi Qağaməli Seyfullayevlə bağlı çox ilginc məlumatlar əldə etmişik. Bu barədə az sonra. Məlumat üçün bildirmək istəyirik ki, “Qaz İxrac” İdarəsinin fəaliyyəti əməliyyat şirkətləri, “Şahdəniz” və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. Neft Şirkəti Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını idarənin qarşısında əsas vəzifə kimi qoyub. İdarənin balansında 177 nəqliyyat və xüsusi texnika vasitəsi, o cümlədən 46 minik, 33 “pikap”, 17 avtobus, 2 mikroavtobus, 32 yük, 23 xüsusi texnika vasitəsi, 10 ekskavator, 6 traktor, 4 avtokran və 4 qoşqu fəaliyyət göstərir. Araşdırmalarla aydın oldu ki, Qağaməli Seyfullayevin elə də uğurlu olmayan idarəçiliyi “Qaz İxrac” İdarəsində müxtəlif problemlərin əmələ gəlməsinə səbəb olub: “İdarə rəhbəri 1992- ci ildən neft sənayesində çalışır. İlk dəfə “Az.DNİ” trestinin 1 saylı TQİ-də usta, sonra bu idarədə TİŞ-in aparıcı mühəndisi, N.Nərimanov adına NQÇİ-nin əsaslı tikinti şöbəsində rəis müavini işlədikdən sonra, yenidən “Az.DNİ” trestinin 1 saylı TQİ-də baş iş icraçısı kimi çalışıb. 2002-2007-ci illərdə həmin idarənin baş mühəndisi işləyib. Daha sonra “Neftqaztikinti” Trestinin istehsalat şöbəsinin rəisi, kəşfiyyat nəzarət departamentinin rəisi, 7 saylı TQİ-nin rəisi vəzifələrində çalışıb. Bundan sonra isə “Azəriqaz”da tikinti işləri üzrə müavin olub. Qağaməli Seyfullayev “Qaz İxrac” İdarəsinə rəis keçəndən sonra bu müəssisənin fəaliyyəti demək olar ki, iflic olub. İdarə rəisi tabeliyində olan işçilərə qarşı daha çox kobud davranışları ilə diqqəti çəkir. İdarədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji təmizlik diqqətdən kənarda qalıb. Əmək şəraiti ürəkaçan səviyyədə deyil. Magistral qaz kəmərləri sahəsində durum daha acınacaqlıdır. Belə ki, fəhlələri əraziyə aparan maşınların bir çoxu nasaz vəziyyətdədir. Bundan başqa, təhlükəli kimyəvi maddələri fəhlələr gedən maşında bir yerdən digərinə daşıyırlar. Halbuki, belə hallar texniki təhlükəsizlik qaydalarına tamamilə ziddir. Yanğın təhlükəsizliyi qaydalarına da istənilən səviyyədə riayət olunmur. Yanğınsöndürmə ləvazimatı, yanğınsöndürmə adyalı, o cümlədən balonların yenidən doldurulması idarə rəhbərliyinin əsas gəlir mənbəyi hesab edilir. Bu işlərin görülməsi adı altında külli miqdarda vəsait silinir. Həm “Qaz İxrac” İdarəsində, həm də magistral qaz kəmərləri sahələrində çalışan işçilərin əksəriyyətinə qarşı haqsızlıq edilir. Onlar işə bir dəqiqə gecikən kimi maaşlarından tutulur. Ailə məsələləri ilə bağlı problemi olan, yaxud yaxın qohumu rəhmətə gedən, xeyir işi düşən işçilərə icazə verilmir. İdarənin işçilərinin bir hissəsini bu sahədən anlayışı olmayan şəxslər təşkil edir. Həmin adamlar rəisə yaxın olan ayrı-ayrı rəhbər işçilərin vasitəsilə işə qəbul ediliblər. İşini vicdanla yerinə yetirən və bu sahədə peşəkarlaşan işçilərə düzgün qiymət verilmir. Əksinə, rəis onları sıxışdıraraq əsassız yerə işdən çıxarır. Magistral qaz kəmərləri sahələrində rəhbər vəzifələri tutan şəxslərin hamısı Qağaməli müəllimin yaxın adamlarıdır. Buna görə də nə istəyirlər onu da edirlər”. Araşdırmalar zamanı o da bəlli oldu ki, idarədə sosial məsələlərin həlli və normal iş şəraitinin yaradılması rəisin maraq dairəsində olan məsələ deyil: “Buranın yeməkxanası bir müddət əvvəl işçilərin maaşından tutulan vəsait hesabına təmir edilib. Heç bir işçiyə evdən özü ilə yemək gətirməyə icazə verilmir. Bütün işçilər yeməyi idarənin yeməkxanasında yeməlidir. Gündəlik yeməyə görə işçilərin aylıq maaşından ən azı 2-3 manat tutulur. Hələ bu harasıdır. Müxtəlif tədbirlər üçün nəzərdə tutulan biletlər idarənin işçilərinə məcburi qaydada satılır. Bileti işçiyə verirlər, ayın axırında maaşından tuturlar. İdarənin Həmkarlar İttifaqı Komitəsinə yığılan vəsaitlərin isə hara xərcləndiyi məlum deyil. Komitəyə ayda hər işçi tərəfindən müəyyən məbləğdə vəsait keçirilir. Bu vəsaitlə işçilər ailələri ilə birlikdə istirahət etməlidir. Lakin onlar istirahətə gedəndə idarənin verdiyi göndərişlərə görə əlavə pul ödəməli olurlar”. Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, uzun müddətdir neft sənayesində çalışan Qağaməli Seyfullayev “Qaz İxrac” İdarəsində həyata keçirdiyi qanunsuzluqların sayəsində milyonçuya çevrilməyi bacarıb: “İdarə rəisinin sahibi olduğu ticarət obyektlərini, mülkləri saymaqla bitməz. Məmurun şəhərin bahalı yerlərində mənzilləri var ki, hər birinin qiyməti yarım milyondan artıqdır. Rəisin yaxın qohumlarının əksəriyyəti yaxşı yaşayır. Qağaməli müəllim onları müxtəlif işlərə yerləşdirib”. Ancaq bu da hələ “Qaz İxrac” İdarəsinin rəhbəri barədə üzə çıxan məlumatların hamısı deyil. Növbəti saylarımızda adıçəkilən rəisin ARDNŞ-in rəhbəri postuna iddiası və milyonluq varidatı haqda qandonduran materialları dərc edəcəyik(gundelik-baku.com).