Ramiz Mehdiyevin YAP-dakı "qvardiyası" ÇÖKÜR: İlk kənarlaşdırılan o oldu - FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən kənarlaşdırılıb.
Yenicag.az “Teleqraf.az”-a istinadən xəbər verir ki, Q.Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub. Məlumatı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təsdiqləyib.
Qeyd edək ki, Qafar Əliyev YAP-ın Qaradağ rayon təşkilatının sədri vəzifəsinə təyin olunanadək uzun illər Prezident Administrasiyasında müxtəlif vəzifələrdə işləyib.
İşlədiyi dövrlər Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu illərə təsadüf edir. Əslində bu “təsadüf” olmayıb. Çünki Qafar Əliyev PA-ya məhz Ramiz Mehdiyev tərəfindən gətirilib. O, Mehdiyevlə dost münasibətlərdə və daim PA rəhbərinin himayəsində olub.
![]()
Musavat.com-a daxil olan xəbərdə Qafar Əliyevin YAP Qaradağ rayon təşkilatının sədri vəzifəsindən kənarlaşdırılmasının da əslində Ramiz Mehdiyevə bağlı rayon təşkilatları sədrlərindən biri kimi tanınması ilə əlaqədar olduğu deyilir.
Məlumatda bildirilir ki, R.Mehdiyev uzun illər təkcə dövlət vəzifələrinə, hökumət strukturlarına öz yaxın adamlarını yerləşdirməklə kifayətlənməyib, paralel olaraq hakim partiyanın rayon təşkilatlarını da birbaşa öz nəzarəti altında saxlamaq üçün kadrlarını rayon təşkilatlarının sədri vəzifələrinə təyin etdirib. YAP-ın respublikanın bütün rayonlarında yerli təşkilatlarının mövcud olduğu bəllidir. Saytımıza verilən xəbərdə deyilir ki, Qafar Əliyevin kənarlaşdırılması yeni bir prosesə start verilməsidir. YAP-ın rayon təşkilatlarının sədrlərindən kimlərin Ramiz Mehdiyevin kadrı olub-olmadığı araşdırılacaq və nəticədə əksər rayon təşkilatlarının sədrləri dəyişdiriləcək.












