Rəsulzadənin jurnalı yenidən çap olunacaq
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə mühacirətdə olduğu zaman nəşr etdiyi “Odlu Yurd” jurnalı və Rəsulzadənin yazılarının olduğu “Bildiriş” qəzeti yenidən çap olunacaq.
Bu barədə İstanbulda fəaliyyət göstərən tanınmış “Kitabevi” yayınlarının sahibi Memet Varış xəbər verib.
Memet Varış bildirib ki, Rəsulzadənin nəşr etdiyi “Odlu Yurd” jurnalının bütün sayılarını olduğu kimi yenidən kitab şəklində çap etdirəcək. O, 1700 səhifəlik kitabın iki cild olacağını, kitabın sonuna indeks yerləştiriləcəyini deyib.
Varış bundan əlavə, Rəsulzadənin də çox sayıda yazısının olduğu, Azərbaycanlılar tərəfindən çıxardılan “Bildiriş” qəzetini də yenidən kitab şəklində yayımlayacaqlarını qeyd edib.
O, “Odlu Yurd”un yeni nəşrini İyun ayında, “Bildiriş”i isə Sentyabrda çapa göndərəcəklərini deyib.
1929-31-ci illərdə Türkiyədə nəşr edilən Odlu Yurd jurnalının sahibi Rəsulzadənin silahdaşı Mirzə Bala Məmmədzadə, baş yazıçısı isə Rəsulzadənin özü olub. Jurnalda, Sovet işgalı altındaki Azərbaycanın problemləri, işgaldan qurtuluş yolları, mühacirətdə olan Azərbaycanlılar ve Türk dünyası barədə yazı və xəbərlər yayımlanıb.
1930-cu ildə Mirzə Bala Məmmədzadənin redaktorluğu ilə İstanbulda çıxardılan “Bildiriş” qəzeti isə, Azərbaycanlı mühacirlərin nəşr etdiyi ilk siyasi həftəlik qəzet olaraq qəbul edilir.
1931-ci ilə qədər nəşr edilən qəzetdə, M.B.Məmmədzadə ilə birlikdə, M.Ə.Rəsulzadənin, Tatar Seyidəhməd Krımerin, Başqırdistanlı Abdülqədir İnanın da məqalə və xəbərləri çap olunub(teleqraf.com).