Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respublikasından Azərbaycan Republikası istiqamətində dövlət sərhədini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.
DSX-dan Yenicag.az-a verilən məlumata görə, sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İran ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları – 1993-cü il təvəllüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Malik Minbarali, 1995-ci il təvəllüdlü Minhaj Uddin Cabed, 1998-ci il təvəllüdlü Abdul Kazim Tolukber, 1999-cu il təvəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıblar.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
www.yenicag.az