“Yeni nazir də onların öhdəsindən gələ bilmədi…” – İstiqlalçı deputat Bakıdakı ekoloji soyqırımı haqda
“Abşeronun Xəzərsahili qəsəbələrinin ətrafında həddindən artıq daş karxanaları yaradılıb, bunu düşməncəsinə ediblər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıdakı ekoloji durumu dəyərləndirən istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov deyib.
Professorun sözlərinə görə, Bakıətrafı ərazilərdə fəaliyyət göstərən daş karxanaları paytaxt sakinləri üçün vərəm və xərçəng xəstəliklərinin birbaşa mənbəyidir:
“Bakını tez-tez toz dumanı bürüyür. Hələ ki yağış mövsümüdür, torpaqda nəmlik var. Bu nəmlik çəkildikdən sonra şimal küləyi əsən kimi Bakını toz bürüyəcək.
Ekologiya Nazirliyinin də yüksək vəzifəli məmurları hava proqnozu şöbəsinə tapşırıq veriblər ki, Bakını bürüyən tozun Türkmənistan və ya Ərəbistandan gəldiyini desinlər. Xalqı, dövləti ələ salırlar, aldadırlar.
Amma o toz Bakının özündən, cənnət məkanlarından, kurort zonalarından gəlir. Yəni Abşeronun Xəzərsahili qəsəbələrinin ətrafında həddindən artıq daş karxanaları yaradılıb, bunu düşməncəsinə ediblər.
Abşeronun havası yod-bromludur, ciyər xəstəlikləri üçün dərmandır, qumu müalicəvi əhəmiyyətlidir. Onları məhv edirlər ki, gələcəkdə Abşeron ərazisində kurort məkanları məhv edilsin, hər hansı turizm məkanı, sağlamlıq mərkəzləri yaratmaq mümkün olmasın, o karxanaların tozu ilə də Bakı sakinləri vərəm və xərçəng xəstəliklərinə düçar olsunlar. Bu, Azərbaycan xalqına qarşı məqsədli şəkildə həyata keçirilən ekoloji genosid siyasətidir.
Daxili və xarici düşmənlərimiz bu siyasəti “uğurla” həyata keçirirlər. Mən bunu indi demirəm. Bu barədə ən yuxarı instansiyalara da yazaraq məlumat vermişəm, Ekologiya Nazirliyinə dəfələrlə yazmışam. Təqribən bir il əvvəl ekologiya naziri təyin olunan Muxtar Babayevlə şəxsən görüşərək, hər şeyi demişəm.
Nazir mənə iki dəfə söz verdi ki, əgər o karxanalar qanunsuzdursa, onlar bağlanacaq. Amma öhdəsindən gələ bilmədi, o da Nazirlikdəki köhnə məmurlara təslim oldu. Çünki karxanaların bir hissəsi elə Ekologiya Nazirliyində yüksək vəzifə tutanlarındır. Baxın, budur vəziyyət”.
A.Zeynalov