“31 mart soyqırımı dünyada təbliğ edilməlidir”-Dəyirmi Masa
Martın 30-da “Azərbaycanda Atatürk Mərkəzi”ndə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu və Türkdilli Gənclər Birliyinin təşkil etdiyi “Beynəlxalq hüquq müstəvisində “Soyqırım” anlayışı” Elmi-Praktiki Konfransı keçirilib. Konfransda dünyada baş verən və xalqımıza qarşı törədilən soyqrımlar, onlara dünyanın münasibəti, beynəlxalq müstəvidə soyqırmla bağlı hüquqi yanaşmalar mütəxəssislərin iştirakı ilə birgə müzakirə edilib.
Konfransın moderatoru, Türkdilli Gənclər Birliyinin sədri Sahil Hacıyev problemlə bağlı giriş sözü edərək tədbir iştirakçılarını salamladı. Tədbirin ekspertləri olaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərovun “Beynəlxalq hüquq müstəvisində soyqrım anlayışı”, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi, “OĞUZ” MAQ eksperti Taleh Ceferovun “Erməni diasporunun qondarma erməni soyqrımını tanıtmaq istiqamətində fəaliyyəti”, Bakı Dövlət Universitetinin baş elmi işçisi, Alban-Udi Xristian İcmasının sədri Robert Mobillinin “Soyqrıma məruz qalmış mədəni irs” və AMEA-nın İnsan hüquqları institunun baş elmi işçisi, Gürcüstan yahudiləri icmasının sədri Moisey Bekkerin “Yahudi soyqrımında Türkiyənin xilas rolu” mövzularında ilə bağlı məruzələri dinlənilib.
Məruzələrə BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti, “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun informasiya müharibəsi və erməni təbliğatına qarşı adekvat addımların atılması mövzusunda çıxışı ilə yekun vurulib. Konfransın sonunda mütəxəssislər gənclərin suallarını cavablandırıblar.
Tədbirin yekunu olaraq aşağıdakı təkliflər irəli sürüldü:
- Bakıda 31 mart qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə soyqırım memorial kompleksinin yaradılması;
- 31 mart soyqırımını özündə əks etdirən soyqırım muzeyinin yaradılması;
- 31 mart soyqırımının dünyada tanıdılması istiqamətində komissiyanın yaradılması;
- 31 mart hadisələrini özündə əks etdirən arxiv sənədlərinin kitab şəklində çap edilməsi və müxtəlif dillərə tərcümə edilməsi.
Elçin