NASA alimləri belə qənaətə gəliblər ki, TRAPPIST-1 ulduzu ətrafında Yer kürəsi ölçüsündə yeddi planet var.
Yeniçağ.Az-ın “Oxu.Az”-a istinadən məlumatına görə, bu barədə NASA-nın mətbuat konfransında elmi direktoratın rəhbəri Tomas Çurbuhen deyib.
Onun sözlərinə görə, bu planetlərin üçündə həyat üçün əlverişli şəraitin olması mümkündür.
“Biz bu kəşflə gələcəyə böyük bir addım atırıq”, – Çurbuhen deyib.
Alim əlavə edib ki, bu kəşf həyat üçün əlverişli mühitin və yerlərin aşkar edilməsi yolunda əhəmiyyətli bir addım ola bilər.
Ekzoplanetlərin öyrənilməsinə görə məsuliyyət daşıyan Belçikanın Lyej şəhər Texnologiya və Astrofizika tədqiqatları İnstitutunun alimi Mikael Jiyon, öz növbəsində, izah edib ki, bu planetlərin üçündə suyun maye şəklində qalması üçün lazımi şərait var.
Alimlər dəqiqləşdiriblər ki, TRAPPIST-1 ulduzuna üç ən yaxın planetdə həyatın mövcudluğu üçün temperatur çox yüksəkdir, ən uzaq planetdə isə – çox aşağıdır.
Kəşfi ötən il bu planetlər sistemini aşkar edən M.Jiyonun komandası edib. Belçikalı bildirib ki, hazırda söhbət “son 14 ilin ən əhəmiyyətli kəşfindən” gedir.
Qeyd edək ki, ölçüsünə görə Yupiterə bənzəyən TRAPPIST-1 ulduzu Yerdən 40 işıq ili məsafəsində yerləşir.
Yeniçağ.Az
www.yenicag.az