Aparıcı, yoxsa “qarınotaran”? – Mətbəx təbliği adı altında MƏDƏNİYYƏTSİZLİK
Saçyoldu və qalmaqal şoularından müəyyən dərəcədə xilas olduq, bu, gözəl. Amma bəzi “yemək-içmək” verilişlərinə də bir əncam çəkilsəydi, daha yaxşı olardı.
Mətbəx mədəniyyətini təbliğ etmək təqdirəlayiqdir. Lakin bəzi aparıcılarımız milli mətbəxi və adət-ənənələri tanıtmaq adı altında, əslində, mədəniyyətsizliyi nümayiş etdirirlər. Həftəsonları yerli telekanallarda yayımlanan proqramlara baxıb istirahət etmək istəyirsən, amma hansı kanalı açırsan, efirdən sanki “kabab iyi” gəlir.
Aparıcı mikrofonu operatora uzadıb, çirkli əlini qaynar qazanın içinə soxur, yağlı ət parçasını dişinə çəkir. Bu azmış kimi, etikadan kənar şəkildə barmaqlarını yalayır. Yeməyin necə ləzzətli olduğunu tamaşaçıya çatdırmaq üçün qəribə səslər çıxarır, iştah nümayiş etdirmək adı ilə xoşagəlməz mənzərə yaradır. Ağzını marçıldada-marçıldada “tamaşaçılar, göz haqqınızı halal edin” deyib irişir, sonra da mətbəx mədəniyyətindən, restoranlardakı təmizlikdən dəm vurur.
Vallah, beləsinə aparıcı yox, xalq dilində desək, “qarınotaran” deyirlər. Əgər hansısa bölgəyə milli mətbəxi təbliğ etməyə gedirsənsə, əvvəlcə o yeməklər barədə tamaşaçıya dolğun məlumat ötür, bişirilmə üsullarından danış, mədəniyyət göstər.
Söhbət yalnız bölgələrdə çəkilən verilişlərdən getmir, bu, studiya mətbəxlərinə də aiddir. Yeməyi təqdim etməyin öz estetikası var. Bunun üçün ağız marçıldatmağa, qazandan yağlı tikələri əllə götürüb sümürməyə, acgözlüklə qeyri-etik səslər çıxarmağa ehtiyac yoxdur.
Bu hərəkətlərlə yemək mədəniyyətini deyil, yalnız öz səviyyənizi nümayiş etdirirsiniz. Veriliş efirə gedəndə kənardan özünüzə tamaşa etsəniz, yəqin ki, bu acınacaqlı mənzərənin siz də şahidi olarsınız.
Cəvahir













