“Bu adamların heç hüquq müdafiəçisi anlayışından xəbərləri yoxdur”
“Bu adamların heç hüquq müdafiəçisi anlayışından xəbərləri yoxdur. Onların əməlləri ilə hüquq müdafiəçisi adında böyük ziddiyətlər mövcuddur. Bu baxımdan hesab edirəm ki, Rəsul Cəfərov da insanların hüquqlarını müdafiə etdiyi üçün deyil, konkret cinayət əməli törətdiyi üçün həbs edilib”.
Bu fikirləri politoloq Ramiz Alıyev Əli Kərimli və onun təsiri altında olan “Azadlıq” qəzetinin Rəsul Cəfərovun həbsi ətrafında şou yaratmalarına münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bütün bunlar manupulyasiyadan, siyasi maraqları həyata keçirməkdən başqa bir şey deyil: “Adını hüquq müdafiəçisi qoyan adam dövlət qanunlarından necə yayına bilər? Hüquq müdafiəçisi özü etdiyi qeyri-hüquqi fəaliyyəti ilə insanlara necə hüququn,qanunun aliliyini təbliğ ede biler?! Rəsul Cəfərov və onun kimi xarici kəşfiyyat orqanlarına çalışan, adlarını “hüquq müdafiəçiləri qoyan adamlar hüquq müdafiəsi ilə deyil, erməni lobbisinin və xarici kəşfiyyat orqanlarının ölkəmizdə istəklərini həyata keçirməklə məşğuldurlar. Öz fəaliyyətlərini onların sifarişləri əsasında qururlar. Ona görə də törətdikləri cinayət əməlinə görə məhkəmə qarşısına çıxarılanda onları xaricdən “pult” vasitəsi ilə idarə edən havadarları təşvişə düşürlər. Onlar heç bir dəfə də olsun hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərini qabardıblarmı? Haqq səsimizi dünyada yaymağa imkan verirlərmi? Təbii ki, həmin ölkələr, dairələr yalnız və yalnız bu cür satqın insanları müdafiə edirlər. Çünki bu insanlar vasitəsilə ölkəmizdə öz maraqlarını həyata keçirməyə çalışırlar. Azərbaycanın illərdir işğal altında olan əraziləri haqqında da belə canfəşanlıq etsələr, yaxşı olardı. Öz əməllərindən əl çəkib inkişaf edən Azərbaycanın güclü olması ilə barışmalıdırlar. Bunların başqa yolları yoxdur. Azərbaycanın imicinə, dünyada söz sahibinə çevrilməsinə heç bir xələl gətirə bilməzlər. Hüquq normalarına zidd fəaliyyət göstərən bütün vətəndaşlar qanun qarşısında cavab verir və verəcəklər”.