İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gəlib.
Bu barədə Yenicag.az-a məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.
Millət vəkili seçilən İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən etibarən İsveçin ən böyük siyasi təşkilatı olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu il seçkilərində Jönköpinqs landsting(əyalət) parlamentinə namizədliyini verib və əyalət parlamentinə üzv seçilib.
Bundan başqa, 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial-Demokrat Qadınlar Cəmiyyəti idarə heyətinin üzvü olub.
Məlumat üçün qeyd edək ki, Jönköpinq şəhərinin əhalisi 145 min nəfərdir. Jönköpinq əyaləti ümumilikdə 350 min nəfərin yaşadığı 13 bələdiyyəni əhatə edir. Jönköpinq əyalət parlamentində 81 deputat yeri var və İradə Əliyeva onlardan biridir.
Hal-hazırda seçkilərdən sonra yerli parlamentin müxtəlif komissiya və idarə heyətlərinin tərkibi formalaşdırılır və bu proses noyabrın sonlarında yekunlaşacaq. İradə Əliyeva 2012-ci ildə özünün sosial, hüquqi və iqtisadi məsələlər üzrə konstaltinq şirkətini qurub. O, 2013-cü ildə yaratdığı qadın cəmiyyətinin də sədridir.
Əslən Ağdamın Mərzili kəndindən olan İradə Əliyeva Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb. 20 yaşında qızı, 13 yaşında oğlu var. Qızı da siyasətlə maraqlanır və builki seçki prosesində fəal iştirak edib.
A.Zeynalov
www.yenicag.az