Azərbaycanda manatın “üzən məzənnə”yə keçməsi ərzaq və digər məhsullarla yanaşı dərmanların da qiymətinə təsirsiz ötüşməyib. Ötən gün Tarif Şurasının qəbul etdiyi qərarla dərman peraparatlarının qiyməti 35 faiz bahalaşıb.
Hazırda apteklərdə vəziyyət necədir? Dərmanlar müştərilərə hansı qiymətlərlə satılır?
Bu suallara cavab tapmaq üçün paytaxta fəaliyyət göstərən bir neçə aptekə baş çəkib, qiymətlərlə maraqlandıq.
Metronun “28 May stansiyası yaxınlığında yerləşən aptekdə əczaçı bildirib ki, Tarif Şurasının ötən gün qəbul etdiyi qərardan sonra demək olar ki, bütün dərmanların qiyməti dəyişib.
“Qiymətlərin artması bizdən asılı deyil. Biz firmalardan məhsul alırıq, onların müəyyən etdiyi qiymətlərlə satışa çıxarırıq. Bizə necə satırlarsa, biz də ona uyğun qiymət qoyuruq. Bu gün səhər saatlarında xanım dərman almaq istəyirdi. Dərmanın qiymətinin qalxdığını görüb mənimlə dalaşdı. Müştərilərə izah edə bilmirəm ki, qiymət artımı tək bizdə deyil, bütün apteklərdə var”.
Əczaçısının sözlərinə görə, satışa çıxarılan bütün dərmanların qiyməti 50% bahalaşıb, bu da onların işinə öz təsirini göstərib: “40 qəpiyə satılan dərmanı, indi 80 qəpiyə satırıq. Daha çox istifadədə olan dərmanların qiyməti qalxıb. Avropadan gətirilən dərmanlardır, necə olamlıdır ki?!”.
Digər apteklərdə də vəziyyət ürəkaçan deyil. Dərmanların qiyməti ceyran belinə qalxıb.
“Bizim aptekdə bütün dərmanların qiymətində artım olmayıb. Yeni gətirilən dərmanların qiymətində qalxma müşahidə olunur. Hansılar ki, dolların qalxmasından öncə alınmışdı, onların qiyməti dəyişməyib. İnsanların dediyi kimi, bəzi dərmanların qiyməti 5-6 dəfə yox, 2 dəfə bahalaşıb”.
Əczaçıların bildirdiyinə görə, qiymətlərin bahalaşması gündəlik alverə xeyli təsir edib: “Qiymətlər qalxandan sonra satış aşağı düşüb. Əvvəlki günlərdə normal alver olurdu, indi isə gün ərzində barmaqla sayılası qədər müştəri gəlir. Manatın ucuzlaşması digər sahələrdə olduğu kimi bizim işimizə də ciddi təsir edib”.
Ekspertlər hesab edirlər ki, dərmanların bahalaşması bir çox apteklərin iflasa uğramasına səbəb olacaq.
Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilib.
Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcək.
Bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb.(Azvision)
www.yenicag.az