“Milli Şura artıq uzun müddətdir, əlavə yükə çevrilib və onu daşımağa heç kəsin marağı qalmayıb”.
Yenicag.az xəbər verir ki, bu fikirləri son günlər Milli Şura ətrafında baş verən hadisələri şərh edən “Tolerantlıq” İctimai birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib.
Azər Rəşidoğluna görə, Milli Şuranın keçirdiyi “zoom konfrans”lar ölkə siyasətində Cəmil Həsənli faktorunu tamamilə yox etdi:
“Milli Şuranın növbəti zoom-konfransı (“bazar qeybətləri”) yayımlandı. İlk “informasiya sızıntısı” qurumun iki liderini – Eldəniz Quliyevlə Rafiq Manafovu bitirdi, siyasət dənizindən çox kənara tulladı, Azərbaycan siyasətinin “Afroditası”, gözəl simalı Gültəkin Hacıbəylini ağır, ölümcül yaraladı, prezidentliyə sabiq vahid namizəd Cəmil Həsənliyə “geylərin müdafiəçisi” imici qazandırmaqla, artıq nə vaxtsa prezidentliyə, liderliyə gedəcək yolunu birmənalı bağladı.
Artıq Azərbaycan siyasətində Cəmil Həsənli amili yoxdur, onun son ümidləri ikinci “zoom konfrans” zamanı öldü. Professor “hamı iş başına, klaviatura bizi gözləyir” çağırışı ilə özünü yeddinci səmadan yerə çırpdı. İkinci konfransda yenə də ən ağır zərbəni Azərbaycanın “Afroditası” aldı, bir yandan özünün çılğınlığı, digər tərəfdən montajdan keçmiş, kəsilmiş çıxışı ilə bir siyasətçi olaraq intihar etmiş oldu”.
Politoloqun fikrincə, Milli Şura artıq uzun müddətdir, əlavə yükə çevrilib və onu daşımağa heç kəsin marağı qalmayıb:
“Son seçkidən və “İbrahimbəyov oyunu”ndan sonra “Rusiya layihəsi” imicindən təmizlənə bilmirdi. Milli Şurada olan ictimai xadimlərin isə iddiası günü-gündən artmaqda idi. Hakimiyyət böhranı yaşandığı və iqtidarın dialoqa getmək niyyətində olduğu bir zamanda Milli Şurada ambisiyalı adamların oturması arzuolunan deyildi.
Bir neçə dəqiqəlik görüntülərlə bu qurumun daşı daş üstündə qalmadı. Meydanda qaldı AXCP, xeyli zəifləmiş Müsavat, hələ formalaşmamış REAL və “cırtdanlar”ın calağından formalaşdırılmaqda olan yeni partiya…
Bu qüvvələr arasında yeganə güc mərkəzi AXCP-dir və onu danışıqlardan kənara tullamaqla, dialoq başlanıla bilməz. Lakin hakimiyyət bundan sonra Əli Kərimli ilə anlaşmaya getməyəcək. Gültəkin Hacıbəylinin dediyi kimi, “sentyabrda nəsə olacaq”sa, Kərimlinin ətrafından kiməsə yeni parlamentdə yer təklif edilə bilər. Payızda referendum və seçkinin keçirilməsi ehtimalı olduqca böyükdür. Bir sözlə, siyasi dəngələr yeni qaydalar üzrə formalaşır və Milli Şuranın məhvi də bu məqsədə xidmət edirdi”.
Gülşən Şərif
www.yenicag.az