Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb.
Əməkdar artist, tanınmış xanəndə Təyyar Bayramovun üç tələbəsi qalib olub: Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb. Pərviz Qasımov birinci, Rəvanə Əmiraslanlı isə ikinci yerə layiq görülüb. Xanəndənin digər tələbəsi Mirəli Sarızadə isə diplom qazanıb.
Hər üç tələbənin müəllimi, ustad xanəndə Təyyar Bayramov təəssüratlarını ilk dəfə olaraq Yenicag.azla bölüşüb:
“Çox sevincliyəm, dünəndən özümə gələ bilmirəm. Mən həmişə tələbələrimə inanmışam, onlarla fəxr etmişəm. Onların qalib olduğunu biləndə çox kövrəldim. Sevincimdən az qala ürəyim yerindən oynayacaqdı. Allah özü görür ki, mən onların uğuruna valideynlərindən də çox sevinirəm. İnanın, dünəndən telefonlarım susmur, məmur dostlarımdan tutmuş, sənət yoldaşlarıma qədər hər kəs zəng edib, təbrik edir. Özüm də zamanında bu müsabiqənin qalibi olmuşam. Həmin anları xatırladım. Mən bu uğurlarıma görə ustadım, xalq artisti Mənsum İbrahimova borcluyam. Çünki məni xalqa o təqdim edib”.
Cəvahir
Yenicag.az
www.yenicag.az