“Azərbaycan iqtisadiyyatını məhz karbohidrogen ehtiyatların ixracı hesabına ayaqda saxlayırıq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Fitch Ratings” Agentliyinin Azərbaycanda ixracatın 80 faizinin neft və neft məhsullarından ibarət olmasına dair qeydinə münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.
Nazim Bəydəmirlinin sözlərinə görə, ixracatın mütləq hissəsinin karbohidrogen ehtiyatlardan ibarət olması təhlükəli elementdir:
“Azərbaycan iqtisadiyyatının neftdən asılılığı yeni xəbər deyil. Ölkə ixracatının təqribən doxsan dörd – doxsan beş faizi – bəzi illərdə isə bundan çox – neft və neft məhsullarından ibarətdir. Təbii qazı da buraya əlavə etdikdə görürük ki, Azərbaycan iqtisadiyyatını məhz karbohidrogen ehtiyatların ixracı hesabına ayaqda saxlayırıq.
O cümlədən, Ümumi Daxili Məhsulda da neftin payı çox yüksəkdir. Düzdür, sahibkarlığın təşviqi və qeyri-neft sektoru ilə bağlı müəyyən addımlar atılır. Ancaq görünən odur ki, burada söhbət daha çox neft-qaz nəqlinin diversifikasiyasından gedir. Yəni bir neçə kəmərin çəkilməsi və o işlərə külli miqdarda vəsaitin sərf edilməsi neft sektorunun özünün diversifikasiyası adlanır.
Bu baxımdan, mən beynəlxalq ekspertlərin o fikri ilə razıyam ki, iqtisadiyyatda xammal ixracının əlli faizdən çox olması təhlükəli elementdir. Çalışmaq lazımdır ki, təbii ehtiyatlardan asılılığımızı azaldaq”.
Qeyd edək ki, Azərbaycan ixracatının 80 faizinin neft məhsullarından ibarət olması və ölkə iqtisadiyyatının neftdən asılılığının davam etməsi haqda fikirləri “Fitch Ratings” Agentliyinin Bakıda keçirilən illik toplantısında çıxış edən qurumun təmsilçisi Marina Stefani səsləndirib (İnterfaks-Azərbaycan).
A.Zeynalov
www.yenicag.az