“Xalqın bir arada olması siyasi proseslərə ciddi təsir göstərən amildir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında çox sayda müxalifət partiyası tərəfindən yanvarın 19-da təsis edilmiş Azərbaycan Xalq Hərəkatının (AXH) müxalifətdaxili düzənə, o cümlədən siyasi proseslərə mümkün təsirini dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyevin sözlərinə görə, müxalifət daxilində təmərküzləşmə prosesi bir neçə aspektdən müsbət qiymətləndirilməlidir:
“Azərbaycan Xalq Hərəkatının təsis olunması özlüyündə həm müxalifətdaxili təmərküzləşmənin bir istiqaməti, həm də müxalif düşərgə daxilində sərhədlərin yenidən cızılmasıdır.
Çünki Hərəkata daxil olan partiyaların müxalifətin başqa birliklərində təmsilçiliyi yoxdur. Bu baxımdan, Hərəkatın yaradılması təmərküzləşmə kimi qiymətləndirilməlidir.
Digər tərəfdənsə, bu təmərküzləşmənin müxalifətdaxili sərhədlərin müəyyənləşməsi nəzər nöqtəsindən də faydalı olduğunu düşünürük. Çünki bununla kimin harada olduğu, mövcud partiyaların hansı mövqedə qərarlaşdıqları bilinir.
Hesab edirik ki, real müxalifət qüvvələrinin vahid mövqedən çıxış etmələri zəruridir. Ötən şənbə günü baş tutan tədbir də göstərdi ki, xalqın bir arada olması siyasi proseslərə ciddi təsir göstərən amildir.
Əldə etdiyim məlumata görə, hakimiyyət ideoloqları öz hesablamalarında 19 yanvar tədbiri ilə bağlı müxalifət qüvvələrinin bir araya gələcəklərini nəzərə almadıqlarını, bununla da yanlışlığa yol verdiklərini bildiriblər.
Ona görə də, hesab edirəm ki, əgər əsas müxalifət qüvvələri müəyyən milli məsələlərlə bağlı bir masa ətrafında əyləşə bilsə, bunun ümumi işə yalnız xeyri ola bilər”.
A.Zeynalov
www.yenicag.az