"Heç olmasa, olanlarımızı xarab etməyək" – Aybəniz Haşımovadan SƏRT İRAD
“Heç olmasa, əlimizdə olanları qoruyaq, onları məhv etməyək”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Aybəniz Haşımova “Xəzər axşamı” proqramında deyib.
Sənətçi mahnı seçimində həmkarlarını daha diqqətli olmağa səsləyib:
“Bəzən gözəl bir mahnı eşidirsən və onu ifa etmək istəyirsən. Bu, normaldır. Amma əgər sən o mahnıda sadəcə qonaqsansa, onu oxuma. Müğənni mahnının qonağı yox, sakini olmalıdır. Mahnını səsimiz yox, ürəyimiz oxumalıdır. Əgər ürək oxumursa, o ifa xalqın sevgisini qazana bilməyəcək”.
Müğənni klassik əsərlərə müdaxilə edilməsinin qəti əleyhinə olduğunu vurğulayıb:
“Klassik musiqilərə qətiyyən toxunmaq olmaz. Bir ariyanın nə manerasını, nə də bir notunu dəyişmək mümkündür. O əsərləri ərsəyə gətirmək asan deyil. Onları yazan dahi bəstəkarlar bu gün həyatda yoxdur. Biz onları haradan tapaq ki, yenidən bizi dünyada tanıdacaq əsərlər yazsınlar? Heç olmasa, mövcud olanları qoruyaq, xarab etməyək. Axı biz dünyada məhz mədəniyyətimiz və musiqimizlə tanınırıq”.
Nehru













