Böyük Britaniya mətbuatının yeni ulduzu var: onun evinin qarşısında növbə çəkib, hər addımını izləyirlər. Əyninə geyindiyi paltarlarını, ayaqqabılarını, aksesuarlarını, hətta itini qiymətləndirirlər. Söhbət hansısa aktrisadan, müğənnidən, şou-biznes əhlindən deyil, Zamirə Hacıyevadan gedir.
Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, Beynəlxalq Banka 15 il rəhbərlik etmiş Cahangir Hacıyevin xanımı olan bu qadını dünyanın ən qocaman, ən güclü ölkələrinin birində, elə dünyada məşhur edənsə xüsusi qabiliyyəti, gördüyü müsbət işlər deyil, xərclədiyi korrupsiya pullarıdır. O pulların bir qisminin necə əldə olunduğu Azərbaycanda C.Hacıyev üzərində qurulan məhkəmə zamanı üzə çıxarılıb.
Hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, aparılmış istintaqla 2001-2015-ci illərdə C.Hacıyev özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdıraraq həmin hesablara külli miqdarda pul vəsaitləri köçürüb. C.Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər. Onun Beynəlxalq Banka vurduğu zərər ümumilikdə 211 milyon 597 min manat məbləğində qiymətləndirilib. Bu iş üzrə 15 illik həbs cəzası alan C.Hacıyev barəsində ikinci cinayət işi də qaldırılıb.
Mətbuatda yayılan məlumata görə, C.Hacıyevin üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər. Bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir.
C.Hacıyevin Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərdiyi deyilir.
Beləliklə, Z.Hacıyevanın Böyük Britaniyada sağa-sola səpdiyi pulların korrupsiya, dövlət vəsaitlərini mənimsəmə yolu ilə əldə olunduğu sübuta yetirilməkdədir. Eyni zamanda o da aydındır ki, Britaniyada xərclənən milyonlar hələ aysberqin görünən cüzi bir hissəsidir. C.Hacıyevin Britaniyaya məxsus ofşorlarda, digər ərazilərdə gizlətdiyi on dəfələrlə artıq vəsait hələ üzə çıxarılmayıb. Z.Hacıyeva məhz həmin vəsaitlərin hesabına bir idman ayaqqabısına 1209 manat, idman şalvarına 1153 manat, günəş eynəyinə 631 manat, əl çantasına 14 min 151 manat, nəhayət, itə 21 min 700 manat verə bilir. Hansı ki, Azərbaycanda öz təsərrüfatını qurmaq istəyən yüzlərlə gənc ailə bir inək almağa 1,5 min manat tapa bilmir. Minlərlə valideyn var ki, 100 manat verib məktəb paltarı ala bilmədiyinə görə uşaqları təhsilsiz qalır. Nə qədər insan 3-5 min manatlıq əməliyyatına pul tapmayıb vaxtsız dünyadan köçür.
Qeyd edək ki, Böyük Britaniyada qəbul edilmiş izah edilməyən sərvət sərəncamı qanun layihəsinin icrasına başlanılması Britaniya hökumətinin London və ölkənin bir çox yerlərində keçmiş sovet respublikalarından olan çirkli pulların sahiblərinə qarşı qanuni ölçülər götürəcəyindən xəbər verir. Ekspetlərin hesablamalarına görə, söhbət təxminən 4.4 milyard funt sterlinq dəyərində maliyyə və mülkdən gedir. Bunların sahibləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər postsovet ölkələrindən olan şəxslərdir.
Bu baxımdan, Azərbaycanda korrupsiya yolu ilə əldə olunaraq Britaniya ərazisində saxlanan digər pulların da üzə çıxarılacağı vaxt uzaqda deyil. Eyni aqibətlə Avropanın digər ölkələrində saxlanan vəsaitlər də üzləşəcəklər. Çünki heç bir Avropa ölkəsi çirkli pulların toplandığı ərazi adını daşımaqla barışmayacaq. Təsadüfi deyil ki, İsveçrə bankı Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimovanın 750 milyon dollarlıq hesabını Özbəkistana qaytarmaq haqqında qərar qəbul edib. Bu o deməkdir ki, harada saxlanmasından asılı olmayaraq, korrupsiya yolu ilə qazanılmış var-dövləti geri qaytarmaq mümkündür.
www.yenicag.az