“İstiqlalın əbədi işığı” adlı konsert proqramı təqdim olundu - FOTOLAR
Bu gün Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı yetirmələri Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiəti ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “İstiqlalın əbədi işığı” adlı konsert proqramı ilə çıxış ediblər.
Yenicag.az-a açıqlama verən məktəbin direktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova konsertlə bağlı təəssüratlarını bölüşüb:
“Azərbaycan dövlət müstəqilliyinin şanlı tarixinə ithaf olunan tədbirdə milli və dünya klassik musiqisinin seçilmiş nümunələri səsləndirildi. Gənc musiqiçilərin yüksək peşəkarlıqla təqdim etdikləri çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılandı.
Konsert boyu səslənən əsərlər xalqımızın azadlıq ruhunu, milli-mənəvi dəyərlərini və Vətənə sonsuz sevgisini tərənnüm edərək tədbirə xüsusi duyğu və təntənə bəxş etdi. Bakı Kamera Orkestrinin müşayiəti və Fuad İbrahimovun peşəkar idarəçiliyi gənc ifaçıların çıxışlarına xüsusi rəng qatdı, konsertin yüksək sənət səviyyəsində təqdim olunmasına mühüm töhfə verdi.
“İstiqlalın əbədi işığı” adlı bu musiqi axşamı bir daha göstərdi ki, Azərbaycan gəncliyi milli musiqi irsimizi yaşatmaqla yanaşı, onu gələcək nəsillərə böyük sevgi və məsuliyyətlə çatdırır. Tədbir iştirakçılara unudulmaz anlar yaşadaraq, Müstəqillik Gününün ruhuna uyğun əsl sənət bayramına çevrildi”.
Konsertin informasiya dəstəkçilərindən biri də Yenicag.az saytıdır.













