Mayın 17-dən Rostropoviç festivalı keçiriləcək

media-hightechnic-468x90

90827Azərbaycan dünyanın ən mühüm musiqi bayramına ev sahibilik edəcək. Yenicag.az , Bakıda doğulmuş dünya şöhrətli musiqiçi, əvəzolunmaz violenç ifaçısı və dirijor Mstislav Rostropoviçə həsr olunmuş ənənəvi festival adəti üzrə paytaxtımızda keçiriləcək.

İki gündən sonra, 17 mayda start veriləcək VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı mayın 24-dək davam edəcək. Tamaşaçılar festival boyu dünya musiqisi xəzinəsinin incilərini dinləməkdən zövq alacaqlar.

Musiqi bayramının açılış mərasimi mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə başlanacaq. Bədii rəhbər və baş dirijor Xalq Artisti Rauf Abdullayevdir. Tamaşaçılara alman bəstəkarı Karl Orfun “Karmina Burana” səhnə kantatası təqdim olunacaq.

Mayın 19-da filarmoniyada təqdim olunacaq “Təkcə caz deyil” adlı konsert proqramı çərçivəsində saksofonçu, Rusiyanın xalq artisti, İqor Butman və onun kvarteti, Arseni Çubaçin, “ARS Chamber orchestra” kollektivi çıxış edəcəklər.

Festival çərçivəsində mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi tərəfindən Rudjero Leonkovallonun “Payatsı” operası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İvan Popovski, quruluşçu dirijoru Canluka Marçiano, dirijoru Aleksandr Solovyovdur.

Filarmoniyada mayın 22-də təqdim olunacaq “Rusiyanın parlayan ulduzları” adlı konsert proqramına beynəlxalq müsabiqə laureatları Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı (violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi kollektivinın çıxışları daxildir.

Mayın 23-də musiqisevərlə Heydər Əliyev Sarayında İtaliyanın Luici Kerubini orkestrinin ifasını dinləyə biləcəklər. Orkestrin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutidir. Festivalın bağlanış mərasimi də bu orkestrin çıxış ilə mayın 24-də Heydər Əliyev Sarayında olacaq.

Beynəlxalq Mstislav Rostropoviç festivalı 2007-ci ildən Bakıda keçirilir. Festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir. Festivalın bədii rəhbəri Olqa Rostropoviçdir. Dünyanın ən mühüm musiqi festivalları siyahısına daxil olan musiqi bayramının proqramı həmişə zəngin olur. Hər dəfə festival çərçivəsində ölkəmizə təşrif buyuran, həmçinin yerli musiqiçilərin iştirakı ilə ustad dərsləri, konfranslar keçirilir.

Xatırladaq ki, Mstislav Leopoldoviç Rostropoviç 27 mart 1927-ci ildə Bakıda doğulub. Dünya şöhrətli musiqiçi, əvəzolunmaz violenç ifaçısı və dirijor 27 aprel 2007-ci ildə Moskvada dünyasını dəyişib.

Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür.

Rostropoviç musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri kimi tarixə düşüb. Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədədn Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600