“Bu gün xaricdə formalaşmış vətənsizlər, söyüş şəbəkəsi var. Vətənsizlər deyəndə mən Avropada yaşayan bütün azərbaycanlıları nəzərdə tutmuram. Orada yaşayan çox ləyaqətli insanlarımız var. Bilirsiniz ki, mən sırf söyüş söyən vətənsizlər şəbəkəsinə qarşı uzun zamandır mübarizə aparıram. Çünki onlar Azərbaycan dövlətinə, prezidentinə qarşı çox şəxsiyyətsiz bir kampaniya aparırlar. Ona görə də onlar nə zaman bu hərəkətlərini dayandıracaqlar, biz də öz mübarizəmizi dayandıracağıq”.
Yenicag.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov dedi. Bildirdi ki, xaricdə söyüş və təhqir dili ilə Azərbaycan dövlətini, Azərbaycan prezidentini təhqir edən şəbəkəyə qarşı mübarizə apardığına görə, dünəndən ona qarşı təhqir, böhtan dalğası başladılıb:
“Təbii ki, biz onların söyüşlərinə heç vaxt söyüşlə cavab verməmişik. Dünən “Yeni Müsavat” qəzetinin Facebook səhifəsinin canlı yayımında ictimai fəal Bəxtiyar Hacıyevlə debatım oldu. Mən orada da demişdim ki, görəcəksiniz, bu vətənsizlər mənə qarşı hücuma keçəcəklər. Artıq mənim şəxsiyətimi, ailəmi təhqir etməyə, böhtanlar yağdırmağa başlayıblar. Bunu sosial şəbəkələrdə həm açıq formada, həm də mənim messencer hesabımda edirlər. Xüsusən də Almaniya və Hollandiyada yaşayan o şərəfsizlər mənə təhqir və böhtanlar yağdırırlar”.
A.Abdulkərimovun sözlərinə görə, artıq “antv” adlı sayt da bu kampaniyaya qoşulub:
“Aldığım bilgiyə görə, bu saytın başında duranlar İranda formalaşmış bir şəbəkədir. Bilirsiniz ki, mən həm də Bütöv Azərbaycan ideyalarının daşıyıcısıyam, eyni zamanda, Türkçülüyü təbliğ edən bir adamam. Bu günlərdə də Türk millətçiliyinin təbliği ilə bağlı mətbuata bir müsahibə də vermişdim. Bundan başqa, mən anti-Qərb çıxışlarımla da gündəmə gəlmişəm. Düşünürəm ki, son bir ayda, dekabr ayından başlayaraq Azərbaycana qarşı “Kod adı Mehman” olan (mən özüm belə obrazlaşdırıram) ilkin bir kampaniya başladılıb. Bu əməliyyatın qarşısını almaq üçün bütün milli düşüncəli, vətənpərvər insanlar səfərbər olublar. Məlumdur ki, Prezident İlham Əliyev soyuqqanlılıqla çox düzgün mövqe sərgiləyərək bu əməliyyatı pozdu. Bütün bu məsələlərin fonunda o şəbəkəyə qarşı milli təfəkkürlü, əks arqumentli insanların hər biri artıq söyüş hədəfindədir”.
Sözügedən saytın məqaləsindəki ittihamlara gəldikdə, QHT sədri dedi:
“Bəli, mən bir zaman Müsavat partiyasının üzvü idim və 2005-ci ildə bu partiyanın “Azadlıq bloku”nun deputatlığa namizədi olmuşam. Yəni yazdıqları tək həqiqət budur. Amma həmin seçkilərdən dərhal sonra bəyanat verərək Müsavat partiyasının sıralarını tərk etmişəm, seçkilərin azad və demokratik keçirildiyini demişəm və bundan sonra Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyimi elan eləmişəm. İndiyə kimi də bu seçimimə sadiqəm, bundan sonra da sadiq qalacağam. Bu mənim keçmişimdir, heç vaxt danmamışam, danmaq fikrim də yoxdur. Mən hər zaman cəmiyyət üçün açıq olmuşam.
“Arzuman bəy, həmin yazıda qeyd olunur ki, 2005-ci il parlament seçiləri zamanı Rəsul Quliyev seçki təbliği məqsədilə “Azadlıq bloku”na Türkiyədən üstüaçıq avtobus göndərib və siz də hansısa formada onu yandırmısız. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?” – sualına A.Abdulkərimov belə cavab verdi:
“Bunu yazanların heç yaşı da çatmır ki, məsələ barədə bilsinlər. Türkiyədə təbliğat avtobusları vardı. O zaman dedilər ki, elə bir avtobus Azərbaycana da gəlir. Həmin dövrdə “Azadlıq bloku”nun təmsilçisi olaraq hamı kimi mən də eşitdim ki, belə bir avtobus gətirilir və günün birində eşitdim ki, həmin avtobus yanıb. Sonradan mən həmin yanmış avtobusu, səhv etmirəmsə, ADP-nin üzvü olan Kənan Quliyevlə birlikdə gördüm. O avtobus Gürcüstan ərazisində yanmışdı. Avtobus yanan ərəfədə mən evdə oturmuşdum, necə yandıra bilərdim onu?! Ümumiyyətlə, barəmdə nəinki təhqir, ağ böhtanlar yazanlar hətta deyirlər ki, guya özümə avtosalon açmışam . Mən ümumiyyətlə heç vaxt avtomobil biznesi ilə məşğul olmamışam. Düzdür, orta sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Bu da kənd təsərrüfatı sahəsinə aiddir. Avtomobil biznesi ilə məşğul olmaq fikrim isə heç bir zaman olmayıb, bundan sonra da yoxdur”.
A.Abdulkərimov əlavə etdi ki, təhqir və böhtanlara görə, dostları və hüquqşünaslar ona məsləhət görürlər ki, məhkəməyə müraciət etsin. Özü bu barədə düşünsə də fikirləşir ki, söyüş şəbəkəsini, onu təhqir edənləri məhkəməyə versə, onları şərəfləndirmiş olar…
www.yenicag.az